Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Naxçıvan Bank”ın bağlana biləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Yenicag.az-ın məlumatına görə, bu barədə o, mətbuat konfransında danışıb.
Taleh Kazımov deyib ki, bankın hər hansı maliyyə problemi yoxdur.
“Balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur. Bankın əmanətçilərinin sayı digər banklara nisbətən çox aşağıdır”, – deyə AMB sədri əlavə edib.
Qeyd edək ki, “Naxçıvanbank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən 127,6 milyon manata bərabər olub ki, bu, ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir. Mətbuatda bankın bağlana biləcəyi barədə xəbərlər yayılıb.
Xatırladaq ki, 2023-cü il mayın 18-də “Günaybank”, oktyabrın 24-də isə “Muğanbank” ASC müflis elan edilib.