Son 10 ildə dünyada peşə fəaliyyəti ilə bağlı ölən media işçilərinin sayı açıqlanıb

d773f7ecca5ae6595ef550b5bc5511dd“2005-ci ildən bu günə qədər dünyada 1042 nəfər media təmsilçisi peşə fəaliyyəti ilə əlaqədar ölüb. Bunlardan 797 nəfəri jurnalist,  92 nəfəri media təşkilatlarında çalışan şəxs,  153 nəfər isə “vətəndaş jurnalistikası”nın təmsilçisidir”.

 

APA-nın məlumatına görə, bunu hər il  noyabrın 23-də keçirilən  “Cəzasızlığa Qarşı Beynəlxalq Gün” kampaniyası ilə bağlı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərli bildirib.

 

M. Ələsgərli deyib ki, beynəlxalq təşkilatlar 1990-cı ildən indiyədək peşə fəaliyyətinə görə həyatını itirmiş jurnalistlərin də statistikasını hazırlamağa çalışır. Siyahı tamamlanmasa da, ilkin hesablamalara  görə, burada 2500  nəfərdən çox şəxsin adı yer alır. JuHİ sədri qeyd edib ki, 2005-ci ildən sonrakı dövrü əhatə edən və qatilləri cəzasız qalmış mərhum jurnalistlərə həsr edilən siyahıda “Monitor” jurnalının baş redaktoru   Elmar Hüseynov və yazıçı-publisist  Rafiq Tağının adları da  var. Azərbaycan hüquq-mühafizə orqanları bu qətllərin icraçılarının xarici ölkələrdə gizləndikləri üçün tutulub cəzalandırılmalarının mümkünsüz olduğunu bəyan edib.  JuHİ əmin olduğunu bildirir ki, Azərbaycan hüquq-mühafizə orqanları ötən illər ərzində bu prosesi daim diqqət mərkəzində  saxlayıb, cinayətkarların tapılıb cəzalandırılması üçün  səylərini dayandırmayıb.

 

Qeyd edək ki, 23 noyabrın “Cəzasızlığa Qarşı Beynəlxalq Gün”  kimi qeyd edilməsi təşəbbüsü  Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ)  Asiya-Sakit Okeanı bölgəsi  üzrə regional qurumunun təklifi əsasında IFEX-in 2011-ci ildə Beyrutda keçirilmiş sonuncu Baş Toplantısında  qəbul edilib. Bu təqvim 2009-cu ilin noyabrında Filippində 32 jurnalistin və bir o qədər də mülki insanın  həyatına son qoymuş  Maqindanao qətliamının (Maguindano massacre) ikinci ildönümünü  qeyd etmək üçün seçilib.