Azərbaycanda daha bir ŞORTİK ƏMMASI – Baş redaktor polis şöbəsinə buraxılmadı – FOTO

Göyçay Rayon Polis şöbəsinin əməkdaşları şortik geyindiyi üçün vətəndaşın binaya daxil olmasına imkan verməyiblər.

Sfera.az saytının baş redaktoru Ozal Məmmədov bildirir ki, polislər bu qaydanın “şəxsi təşəbbüs” olduğunu deyib:

“Şəxsi işlə əlaqədar olaraq Göyçay Rayon Polis Şöbəsinə müraciət etdim. Polis əməkdaşları nəinki binaya daxil olmağa imkan verdilər, hətta “bura plyaj deyil” deyərək, şöbənin qarşısında dayanmağa belə imkan vermədilər.

Sözügedən vəziyyətə etirazımı bildirib, qanunvericilikdə belə hal olmadığını desəm də, bunu polis şöbəsinin rəisinin şəxsi istəyindən irəli gəldiyini dedilər”.

Xatırladaq ki, bir müddət əvvəl sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirmişdi ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

Görünən odur ki, Göyçay Rayon Polis Şöbəsi ümumi qanunlar çərçivəsində deyil, şəxsi maraqlar çərçivəsində fəaliyyət göstərir.