Azərbaycanda Dairə Seçki komissiyalarının tərkibi yenidən formalaşdırılır

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılır.

Yenicag.az-ın məlumatına görə, iclasa sədrliyi MSK sədri Məzahir Pənahov edir.

Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, üçünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən və üçünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.