Azərbaycanda daşıma şirkətləri xidmətlərinin qiymətini manatla göstərməli olacaq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədəki daşıma şirkətlərinə təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi barədə göstəriş verib.

Yenicag.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumda xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, mediada yayılmış məlumatlar əsasında Dövlət Xidmətinin apardığı araşdırmaların nəticələri barədə məlumat verilib. Bildirilib ki, istehlakçıların hüquqlarının pozulması halları daha çox bağlamaların öncədən bəyan edilən müddətdə və düzgün çatdırılmaması, daşıma tariflərinin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsi, o cümlədən sifariş verilən məhsulların qüsurlu çatdırılması ilə bağlı olub. Vurğulanıb ki, müraciətlər arasında hesablanmış daşıma haqqının şirkətin tətbiq etdiyi tariflərə uyğun olmaması, çatdırılması həyata keçirilməyən və ya şirkətin itirilmiş bağlamaların dəyərinin geri qaytarmamasına dair hallara rast gəlinib.

Tədbirdə təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi, daşıma tarifləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verilməsi və fəaliyyətləri zamanı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zərurilyi sahibkarların diqqətinə çatdırılıb. Maarifləndirici görüşdə sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müvafiq sahədə qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilərək, onların sualları cavablandırılıb və fəaliyyətlərində nöqsanların aradan qaldırılması tövsiyə edilib. Bundan əlavə, istehlakçı yönümlü davranış sərgiləməklə xidmətalma mühitinin formalaşdırılması və müştəri məmnuniyyətinin təmin olunmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, Dövlət Xidmətinin istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirdiyi tənzimləyici tədbirlər norma və qaydalara riayət olunmasına, mal, iş və xidmətlərin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasına hədəflənib.

Sonda istehlakçıların mənafelərinin qorunması istiqamətində sahibkarların rolunun artırılması, bu sahədə cari vəziyyət və qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.