“Bu tədbirlər biznesin dayanıqlılığını qorumaqla yanaşı, ölkə miqyasında işgüzar fəallığı qorumağı özündə ehtiva edir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri pandemiya dönəmində biznesə dəstək məqsədilə dövlət tərəfindən göstərilən yardımın nəticələrini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Elşad Məmmədovun sözlərinə görə, mövcud fors-major vəziyyətdə biznes qurumlarına dəstək göstərilməsi təqdirəlayiqdir. Lakin bu dəstək ardıcıl şəkildə davam etdirilməlidir:
“Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində biznes qurumlarının vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif istiqamətli yardım paketləri reallaşdırılıb.
Bu paketlər biznesə dəstək mexanizmi baxımından vergi, əmlak, torpaq və eyni zamanda, mənfəət vergisi ilə bağlı güzəştləri özündə əks etdirib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə pandemiyaya qədər və pandemiyadan sonrakı dövrə aid olan kreditlərlə bağlı dövlət tərəfindən subsidiyaların verilməsi biznes qurumlarının ciddi şəkildə kredit yükündən azad olmasına şərait yaradıb.
Bu tədbirlər biznesin dayanıqlılığını qorumaqla yanaşı, ölkə miqyasında işgüzar fəallığı qorumağı özündə ehtiva edir. Ümumilikdə birdəfəlik ödənişlər və digər sosial paketlərin reallaşdırılması da daxili bazarın qorunmasına xidmət edir”.
Gülşən Şərif