Azərbaycanda dini və milli tolerantlıq ƏNƏNƏSİ: Millətlərarası münasibətlərin inkişaf etdirilməsi… – TƏHLİL
Tarixdən günümüzə qədər Azərbaycanda hər zaman tolerantlıq mövcud olub. Azərbaycanda müxtəlif etnik qrupların yaşadığını hər kəs bilir. Ölkəmizdə inanclarına, adət-ənənələrinə, dininə, irqinə, milli mənsubiyyətinə görə heç kəsə fərq qoyulmayıb. Milli mənsubiyyətinə, dininə, irqinə, düşüncəsinə görə kiməsə qarşı hər hansısa addım atılmayıb. Hər bir vətəndaşa eyni şəkildə yanaşılıb. Dövlətimiz milli və bəşəri dəyərlərə hər zaman böyük hörmətlə yanaşıb.
Din-dövlət münasibətlərinin inkişaf etdirilməsi üçün lazım olan əsas şərt – tolerantlıq Azərbaycanda dövlət səviyyəsində dəstəklənir. Müxtəlif dinə, etnik mənsubiyyətə sahib insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır. Dövlətimizin onlara qarşı diqqətini, qayğısını hiss edir, Azərbaycan üçün hər bir vətəndaş kimi əllərindən gələni edirlər. 44 günlük müharibədə biz bunun şahidi olduq. Ölkəmizin haqq müharibəsində hər bir vətəndaş kimi milli-etnik qrupların nümayəndələri də Azərbaycan naminə canlarından keçməyə hazır olduqlarını dəfələrlə bildirdilər və göstərdilər.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dinlər və etnik qruplar arasında münasibətlərin daha da möhkəmləndiyini etiraf etmək lazımdır. Milli-dini dəyərlərimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli dərəcədə böyük rolu olub. Ulu Öndərin dövlət və din dostluğu siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev bu yolu uğurla davam etdirir.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusunda ilahiyyatçı Təyyar Hüseynli Yenicag.az-a açıqlama verib.
O, Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bildirib:
“Azərbaycan əhalisinin əksəriyyətinin İslam dininə etiqad etməsinə baxmayaraq, ölkəmizdə digər inanclara da hörmətlə yanaşılır. Respublikamız din və vicdan azadlığı baxımından dünyada sayılıb-seçilən ölkələrdəndir. Azərbaycanda bütün dinlərə hörmət var. Dövlətimiz insanlara ibadət edə bilməsi üçün məscidlərdə, kilsələrdə, sinaqoqlarda yüksək səviyyədə şərait təqdim edib.
Əlavə olaraq, dini bayramların Nazirlər Kabineti tərəfindən rəsmiləşdirilməsi və bu günlərin qeyri-iş günü sayılması dövlətimizin insanlara qayğı və diqqətindən xəbər verir. Bir sözlə, Azərbaycanda dövlət və din dostluğunun möhkəm olduğunu göstərən bir çox faktlar saymaq olar”.
İlahiyyatçı Elvüsal Məmmədov isə bildirib ki, nə keçmişdə, nə də hazırda Azərbaycanda dinlər arası münasibətlərdə problem yaşanıb:
“Bunun bir çox səbəbi vardır. İlk olaraq, Azərbaycan xalqının yeniliklərə açıq olmasını misal göstərə bilərik. Bizim təbiətimizdə qınımıza çəkilmək, xırda təfəkkürlə yaşayaraq başqalarını inkar etmək təmayülü yoxdur. Biz hər kəslə ünsiyyətdə olduğumuza görə hər hansı mənfi hallarla qarşılaşmırıq. Yalnız ünsiyyətə açıq olmayan xalqlarda problem yaşana bilər. Məsələn ermənilər yeniliyə, ünsiyyətə açıq xalq deyil. Onlar özlərindən başqa hər kəsə qeyri-tolerant münasibət bəsləyirlər.
Müstəqilliyimiz bərpa olunduqdan sonra dövlətimiz dinlə bağlı tolerantlığın qorunub-saxlanması, xüsusi modelə çevrilməsi üçün əlindən gələni edir. Bu gün Azərbaycanın İslam dinini əmələ gətirən istər ayrı-ayrı konfessiyaların, istərsə də başqa dinlərə münasibəti baxımından bir modeli var. Başqa ölkələrdə buna çox nadir hallarda rast gəlinir”.
Nəsimi Ələsgərli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.