“Son günlər dollara tələbin artması müşahidə olunur. Bu eyni zamanda özünü dolların alış məzənnəsində göstərir”.
Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, əksər valyutadəyişmə məntəqələrində dolların alış məzənnəsi 1,7-yə qədər dəyişib:
“Bu da onu ondan xəbər verir ki, dollar almaq istəyənlərin sayında artımlar var. Eyni zamanda, hərraclarda da dollara tələbin artması müşahidə olunur. Xüsusilə yanvarın sonu fevral ayının əvvəlində dollara tələbin artmasını müşahidə etdik. Dollara tələbin artmasının fərqli səbəbləri var. Burada psixoloji səbəblə yanaşı 2023-cü ildə idxalın artması da dollar tələbini artıran faktorlardandır. Bütövlükdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün Mərkəzi Bankın qərarı manatın məzənnəsinə birbaşa təsir göstərir.
Valyuta bazarında reallıq bundan ibarətdir ki, dollara tələbin artmasını müşahidə edirik. Bunların fonunda Mərkəzi Bankın qərarları manatın məzənnəsini müəyyənləşdirəcək və növbəti dövrlər üçün milli valyutanın məzənnəsinin müəyyənləşməsində AMB həlledici mövqeyini qoruyub saxlamaqdadır”.