Azərbaycanda “donuz qripi”ndən ölən var? – ŞOK İDDİA

deefee2fc483a378c2041c3f5a550b36Son günlər Azərbaycanda bir neçə nəfərin “donuz qripi”ndən ölməsi ilə bağlı ilginc iddialar yayılıb. İctimaiyyət arasında yayılan şayiələrə görə, ölüm faktları mətbuatdan gizli saxlanılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “donuz qripi”ndən ölüm faktnını qeydə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

“Mütəmadi müayinələr aparıldığından və qabaqlayıcı tədbirlər görüldüyündən Azərbaycanda H1N1 virusuna yoluxma halı aşkar olunmayıb”.

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova yanvar ayından bu günədək kəskin resperator simptomlu xəstələrdən 360 nümunə daxil olduğunu bildirib.

Onun sözlərinə görə, müraciət edənlər “donuz qripi”nə qarşı müayinə olunublar: “Hazırda qabaqlıyıcı tədbirlər bütün ölkə üzrə aparılır. Məlumdur ki, Səhiyyə Nazirliyinin bununla bağlı iki əmri olub: “donuz qripi”nə qarşı profilaktik tədbirlərin görülməsi, eləcədə əlavə tədbirlər haqqında. Ona görə də Azərbaycanda “donuz qripi”nin yayılması ilə bağlı yayılan məlumatlar şayiədir. Müayinələrlə biz məşğul oluruq. Qabaqlayıcı tədbirlər görülür, dezinfeksiya işləri aparılır. Əgər belə fakt olsaydı, biz bunu gizlətməyəcəyik”.

Şöbə müdirinin sözlərinə görə, heç kim “donuz qripi”ndən sığortalanmayıb.

Qeyd edək ki, “donuz qripi” ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib. Mütəmadi olaraq məktəblər, bağçalar dezinfeksiya edilir. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında “donuz qripi” xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb və onlar hazır vəziyyətə gətirilib.