Bu ilin yanvar-iyun aylarında dövlət satınalmalarında qənaət edilən dövlət büdcə vəsaitlərinin məbləği 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,4 % artaraq 237,6 milyon manat təşkil edib.
Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, 2023-cü il ərzində isə bu göstərici 742,5 milyon manat təşkil edib.
Bu il ərzində ən çox qənaət edilən dövlət büdcə vəsaitlərinin məbləği iyun ayında olub – 69,1 milyon manat. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,8 % çoxdur.
“Dövlət Xidməti satınalmaların planlaşdırılması, təchizatçıların uyğunluq göstəriciləri və təkliflərin qiymətləndirilməsində şəffaflıq və qərəzsizlik prinsiplərinə əməl olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir”,- deyə M.Abbasbəyli bildirib.
Onun sözlərinə görə, dövlət satınalmalarının təşkili zamanı dövlət vəsaitlərindən səmərəli istifadə ilə izafi xərclərə yol verilməməsi və maliyyə intizamının gücləndirilməsinə nail olunur.