Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycanda e-ticarətin artım sürəti ildə 2 dəfəyə yaxındır”

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “World E-Commerce Eurasia 2019” Bakı forumu işə başlayıb.

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən “My Broker” şirkətinin təsisçisi Rəşad Əliyev “World E-Commerce Eurasia 2019”un Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “İnnovasiyalar Mərkəzi” MMC-nin İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, “World E-Commerce Forum” və “My Broker” gömrük təmsilçiliyi tərəfindən birgə təşkil edildiyini deyib. O bildirib ki, forumun məqsədi Azərbaycanda və regionda e-ticarət infrastrukturunun inkişafı, bu mövzuda əlaqələrin genişləndirilməsi, həmçinin bu sahəyə startupların marağının artırılması və bu sahədə fəaliyyət göstərən startaplara dəstəyin verilməsidir.

Açılış nitqi ilə çıxış edən “My Broker” Gömrük Təmsilçiliyinin rəhbəri Rəşad Əliyev, “World E-Commerce Forum”un sədri Ömər Nart, “AzPromo” Prezidenti vəzifələrini icra edən Yusif Abdullayev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı forumun əhəmiyyətini vurğulayaraq, Azərbaycanda e-ticarət sahəsinin inkişaf etdirilməsinin prezidentin son islahatlarından sonra daha sürətli xarakter alacağını vurğulayıblar.

“World E-Commerce Forum”un sədri Ömər Nart forumun əhəmiyyətini vurğulayıb, Türkiyədə elektron ticarətin mövcud vəziyyəti barədə danışıb.

“AzPromo” Prezidenti vəzifələrini icra edən Yusif Abdullayev forumun əhəmiyyətindən danışıb.

Forumda elektron ticarət və əsasən də elektron ixrac mövzusunda yerli istehsalçılara və biznes subyektlərinə dünyadakı son tətbiqlər, trendlər və praktik həllərlə bağlı şirkət rəhbərləri, peşəkar mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tərəfindən məlumat verilib. Qeyd olunub ki, forum yerli sahibkarlarda e-ticarətə və e-ixracata böyük maraq və təşviq yaradacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı forumda çıxışında deyib ki, dünyada elektron ticarətin həcmi 2018-ci ildəki 3,53 trilyon dollarla müqayisədə 2022-ci ildə 6,54 trilyon dollara çatacaq.

V.Qasımlı qeyd edib ki, ölkəmizdə elektron ticarətin artım sürəti ildə 2 dəfəyə yaxın olsa da, pərakəndə ticarət dövriyyəsində payı 0,2 faizdir, halbuki ABŞ və Avropa ölkələrində bu göstərici 10-15 faizə çatır. İnternetin hazırkı yayılma səviyyəsində Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı dünya trendinə əsasən təqribən 7 faiz ola bilər.

O deyib ki, Azərbaycanda e-ticarətin lideri olan “Azexport.az” portalı sahibkarlar üçün “ixrac çekap”ı nəzərdə tutur. “Azexport” portalı “amazon.com”, “alibaba.com”, “all.biz”, “Go4worldbusiness.com” kimi bir çox dünyanı əhatə edən və geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. “Azexport” “Google Market Finder” vasitəsilə hansı ölkələrdən Azərbaycan məhsullarına daha çox axtarış verildiyini görməklə marketinq alətidir. “Azexport.az”ın fəaliyyət göstərdiyi 3 il ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb. Portalın tərkib hissəsi kimi fəaliyyət göstərən elektron dövlət-özəl tərəfdaşlıq platforması olan Rəqəmsal Ticarət Qovşağı həm yerli, həm də xarici iş adamlarının rəqəmsal iqtisadiyyata töhfəsini stimullaşdırır.

“Post-industrial dövrdə dünyada xidmətlərlə ticarət geniş vüsət alır. “Azexport.az” portalı yaradıcı və mədəniyyət sənayeləri (musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) məhsullarının ixracına başlayıb. Bunun üçün “Azexport.az” portalı bu sahədə ixtisaslaşan “etsy.com”, “kickstarter.com”, “amazon kindle”, “Apple Music”, “Itunes”, “Google Play” və “Sotheby’s” auksion evi ilə əməkdaşlıq edir”, – deyə V.Qasımlı bildirib.

“Azərbaycanın qeyri-neft ixracında getdikcə informasiya və rabitə texnologiyaları məhsullarının xüsusi çəkisi artır. Belə ki, informasiya və rabitə xidmətləri üzrə ÜDM 2016-2019-cu illərdə 40 faizdən çox inkişaf edib. Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81 faiz çoxdur”, – deyə o əlavə edib.

www.yenicag.az

1086