Azərbaycanda elmin REAL DURUMU: “Heç bir dəyər kəsb etməyən cızma-qara sahibləri…” – ALİMLƏRDƏN REAKSİYA

Səadət Şıxıyeva: “Nə qədər ki, biz sovet dövrünün süni “bərabərləşdirmə” zehniyyətindən xilas olmamışıq, bu bərbad durum davam edəcək”

Məti Osmanoğlu: “Azərbaycan elminin bugünkü vəziyyəti heç kimi qane edə bilməz”.

Təhsil naziri Emin Əmrullayevin Azərbaycanda elmi tədqiqat işlərinin istənilən səviyyədə olmaması barədə səsləndirdiyi fikirlər elm cameəsində birmənalı qarşılanmayıb.

Bəzi alimlər nazirin fikirlərinin doğru olmadığı, bəziləri isə Emin Əmrullayevin iradının haqlı olduğu qənaətindədirlər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva müasir Azərbaycan elminin problemlərinə diqqət çəkərək düşüncəsinə təlabat olan alimlərin “cızma qara sahibləri” ilə eyni səviyyədə görülməsin yolverilməz olduğunu vurğulayıb:

“Azərbaycan elmi fikri son illərdə daha çox görüntü yaratmaq və hesabat vermək xatirinə mövcudiyyətini davam etdirir. Alimin elmi işinin və dəyərinin əsl göstəricisi onun gərəklilik dərəcəsidir. Bu gərəklilik isə ondan istifadə şəkilləri, ona verilən istinadlar, özündən sonrakı elmi fikrə münbit zəmin hazırlamaq imkanı ilə ölçülür. Bizdə akademiklər var ki, “academia.edu”da hər yazısına 3-4 baxış var. Əslində, Azərbaycanda istinad da hər zaman alimin elmi mühitə faydalılığının göstəricisi sayıla bilmir. Bizdə doktorant və dissertantlar işlərinin xatirinə elmi rəhbərlərinin, dostlarının, işinə faydası dəyəcək adamların əsərlərinə sıx-sıx istinad verirlər, istinadı elmi fikirdən çox, çeşidli mənfəətlər müəyyənləşdirir.

Əslində, bu çox geniş müzakirəyə möhtac bir xoşagəlməz təzahürdür. Bundan başqa, nə qədər ki, biz sovet dövrünün süni “bərabərləşdirmə” zehniyyətindən xilas olmamışıq, bu bərbad durum davam edəcək. Çox məhsuldar, elmi düşüncəsinə tələbat olan, istinadı çox olan alim fərqləndirilməli, çeşidli biçimlərdə təşviq olunmalıdır ki, digərlərinə də örnək olsun. Yoxsa istinadı çox olan alimlər heç bir dəyər kəsb etməyən cızma-qara sahibləri ilə eyni səviyyədə görülürsə, ikincilər birincilərə rəhbərlik edirsə, hansı elmi inkişafdan söhbət gedə bilər? Azərbaycanı ləyaqətlə dünya elmi fikri səviyyəsində təmsil edənlər ayrılmalı, fərqləndirilməli, dəyərləndirilməlidir ki, inkişaf təmin olunsun. Çox çalışan, məhsuldar və fədakar alim qaragüruhun içərisində əridilib heçə endirilməməlidir. Bu geniş bəhsə belə yekun vurmaq istərdim: Azərbaycanda ölkəmizdən kənarda da sayılıb-seçilən həqiqi alimlər var, onların dəyəri bilinməlidir… Belə olarsa, çox çalışmanın Sizif əməyi olmadığına digərləri də inanar və ruhlanar”.

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dosenti Məti Osmanoğlu da elm sahəsində mövcud problemləri inkar etməyib.

Məti Osmanoğlu Təhsil Nazirliyində də aparılan işlərin yüksək səviyyədə olmadığını bildirib:

“Azərbaycan elminin bugünkü vəziyyəti heç kimi qane edə bilməz. Təhsil nazirinin məsələni bu şəkildə qoymasını da təqdir edirəm. Bir şeyi deyə bilərəm ki, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Təhsil Nazirliyi – bunlar elmin indiki səviyyəsini təmsil edən qurumlardır. Əgər nazir etiraf edirsə, elmin səviyyəsi qənaətbəxş deyil, deməli, nazirlik səviyyəsində aparılan tədqiqatların səviyyəsi də qənaətbəxş sayıla bilməz. Ümumi müşahidə bu qənaətə gəlməyə əsas verir”.

Aqil Bəkir