Azərbaycanda energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 il iş təcrübəsi olan şəxslər attestasiyadan keçdikdən sonra enerji idarəçisi (meneceri) kimi təyin edilə biləcək.
Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”nda öz əksini tapıb.
Bundan başqa, Qaydaya əsasən enerji idarəçisi (meneceri) aşağıdakı vəzifələri həyata keçirir:
– enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və 3 enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;
– təsərrüfat subyektində və ya qeyri-yaşayış binalarında enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;
– enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;
– enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək;
– enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;
– enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək;
– enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı təsərrüfat subyektinin və qeyri-yaşayış binasının mülkiyyətçisinin işçi heyətinin təlimi üçün tədbirlər görmək;
– bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək;
– təsərrüfat subyektinə və qeyri-yaşayış binasının mülkiyyətçilərinə texniki və praktiki tövsiyələr vermək.