Reklam: High Technic
hightechnic

Azərbaycanda əsas turizm bölgələrinə dəmir yolları çəkiləcək

2019-cu ildən etibarən Azərbaycanın əsas turizm bölgələrinə yeni dəmir yolları çəkiləcək.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

“Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik”, – deyə dövlət başçısı əlavə edib.

Dövlət başçısı Azərbaycanın hazırda dünyada çox yaxşı tanındığını vurğulayıb:

“Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik.

Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Qeyd etdiyim kimi, təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi – indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaq. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olub. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq”.

www.yenicag.az

570