Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının problemləri müzakirə olunub – FOTOLAR/VİDEO

İyulun 16-da Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları ilə Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup deputatı arasında işgüzar görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Ziraat Bank Azərbaycanın baş ofisində təşkil olunan görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici siyasət Komisiyasının sədri Volkan Bozkır, türkiyəli millət vəkilləri Ahmet Yıldız, İsmayıl Özdemir, Yunus Emre, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyi (TÜİB), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Müsətqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərləri və üzvləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Avni Demirci Azərbaycanda cəmi 4 il əvvəl fəaliyyətə başlamalarına baxmayaraq, ölkənin bank sektorunda önəmli yer tuta bildiklərini diqqətə çatdıdrıb:

“Bu fəaliyyətimizdə uğur qazandığımıza və bu uğurda bizə dəstək olduğlarına görə iş adamlarına təşəkkür edirik. Biz – xaricdə yaşayan türkiyəli iş adamları ana vətənimizdən uzaqda olduğumuz zaman dövlətimizin bizim yanımızda olduğunu görmək istəyirik. Bu gün əmin olduq ki, Türkiyə daim bizim yanımızdadır”.

Avni Demirci bildirib ki, Azərbaycanla Türkiyə arasındakı münasibət və əlaqələri adi sözlərlə təsvir etmək imkan xaricindədir. Bununla belə, Demirci hesab edir ki, bəzi problemlər Azərbaycan-Türkiyə ticari-iqtisadi əlaqələrinin dərinləşdirilməsinə mane olur:

“Tarixi bir bağlılığımız var. Tarix boyunca iki dövlət və xalq arasındakı yaxın əlaqələr hər zaman həm xalqımız, həm də dövlət başçılarımızın səviyyəsində öz əksini tapmışdır. Biz Azərbaycanla Türkiyəni neft-qaz boruları, dəmir yolları, hava yolları ilə bir-birinə sıx bağlamışıq. İki ölkə sadəcə, qardaşlıq deyil, həm də ticarət və iqtisadiyyat vasitəsilə də qarşılıqlı vəhdətdədir. Lakin biz bu qədər ciddi bağlar qursaq da, iqtisadi əlaqələrin səviyyəsi hələ də mövcud potensialdan çox aşağıdır. Bu əlaqələri daha da genişləndirmək lazımdır. Xüsusilə, gömrük rüsumlarının yüksək olması qarşılıqlı ticarət dövriyyəsinin həcminə olduqca mənfi təsir göstərir”.

Görüşdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral hazırda Azərbaycanda 10 min civarında Türkiyə vətəndaşının yaşadığını vurğulayıb. Səfirin sözlərinə görə, iki ölkə arasında gömrük rüsumlarının azaldılması istiqamətində anlaşma artıq hazırdır:

“Azərbaycandakı vətəndaşlarımız, burada fəaliyyət göstərən iş adamlarımız yetərincə fəaldırlar. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ölkədə ən çox iş quranlar məhz Türkiyə vətəndaşları olublar. Azərbaycanın qeyri-neft sektoruna ən çox kapital qoyanlar da türkiyəli iş adamlarıdır.

Qeyd etmək istərdim ki, Azərbaycanda bir neçə il əvvəl müşahidə olunan iqtisadi problemlərdən zəruri dərslər çıxarıldı və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıldı.

2016-cı ildən sonra Azərbaycana daxil olan malların real qeydiyyatı aparılır. Gömrük sistemində təmin olunan şəffaflıq iş adamlarının işini xeyli asanlaşdırıb. Azərbaycanda iqtisadi fəaliyyətimizi genişləndirmək üçün investisiya qoyuluşunu artırmaq və yeni müəssisələr yaratmaq lazımdır.

Bu barədə Türkiyədəki şirkətlərlə danışıqlar aparırıq. Azərbaycanla Türkiyə arasında gömrük rüsumlarının azaldılmasına dair ikitərəfli anlaşmanın mətni hazırdır, müqavilə yaxın müddətdə imzalanacaq. Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamlarının keçid dövrünə xas müəyyən sıxıntıları var. Biz də səfirlik olaraq, həmin problemləri aradan qaldırmağa çalışırıq”.

TBMM-nin Xarici siyasət Komisiyasının sədri Volkan Bozkır çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətinə toxunaraq, bu əlaqələrin analoqsuz olduğunu bildirib:

“Türkiyəli iş adamlarının Azərbaycanda xüsusi məsuliyyətləri var, çünki onlar qardaş ölkədə dövlətimizi təmsil edirlər. Başqa ölkədə iş qurmuş olsaydılar, bu barədə düşünməyə ehtiyac qalmazdı.

Türkiyəli iş adamlarının Azərbaycanda uğurlu fəaliyyət göstərmələri bizim üçün çox önəmlidir.

Çıxışlarla bərabər tədbirdə iş adamlarının qonaqlarla qarşılıqlı müzakirələri də oldu. Müzakirələr zamanı toxunulan mövzulardan biri Azərbaycan, Türkiyə və digər keçmiş Sovet ölkələrinin ticarətdə xarici pul vahidlərindən deyil, yerli pul vahidlərindən istifadəyə üstünlük verilməsi olmuşdur. Bu mövzu ilə bağlı Ziraat Bank Azərbaycan ASC-nin sədri Avni Demirci Ziraat Bankın türk lirəsi və manat dövriyyəsinin 100 000 000 TRY-ni keçdiyini qeyd etmişdir. Avni Demici xarici valyuta yerinə yerli valyutanın istifadə edilməsində Ziraat Bankın həyata keçirdiyi tədbirlərdən, bu mövzuya göstərilən həssaslıqdan da bəhs etmişdir.

Azərbaycan ərazilərinin iyirmi faizi işğal altındadır, 1 milyondan çox qaçqını var. Biz Azərbaycan torpaqlarının ən qısa müddətdə işğaldan azad edilməsini istəyirik. Torpaqlarının bir hissəsi işğal altında olan dost Gürcüstanın da ərazi bütövlüyünün bərpa olunmasını arzulayırıq”.

Görüşdə yekun sözü deyən Ziraat Bank Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Avni Demirci dövlətin xaricdə yaşayan türkiyəli iş adamlarına dəstək olmasının onlara əlavə stimul verdiyini vurğulayıb. Əlavə olaraq Avni Demirci gömrük, hüquq, vergi və digər sahələrdə aparılan islahatlarda ölkə qanunvericiliyinə uyğun olan gərəkli həssaslığı və dəstəyi göstərmənin son dərəcə vacib olduğunu vurğuladı.

Çıxışlardan sonra Azərbaycanda çalışan türkiyəli iş adamları gördükləri işlər və qarşılaşdıqları problemlərlə bağlı millət vəkilləri ilə geniş fikir mübadiləsi aparıblar.