Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda formalaşan YENİ GƏNCLİK: Vətənpərvər nəslin Zəfər nəticəsi

Reklam: Sinerji Pro

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Çünki gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən maarrifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib. Bu baxımdan Ulu Öndərin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Ulu Öndər tədbirdə şəxsən iştirak və çıxış edərək gənclərə öz tövsiyələrini, məsləhətlərini verib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin “Gənc ailə”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlib, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı” və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub. Sevindirici haldır ki, ulu öndərin həyata keçirdiyi işlər bu gün də ləyaqətlə davam etdirilir. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ulu Öndərdən sonra hakimiyyətə gələn Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam çərçivəsində  gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilib. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılıb və bu proqramın 100-dən çox bəndi həyata keçirilib. Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə “Gənclər İli” elan edilib.

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında etdiyi çıxışıda bildirib:

“Biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

Unutmaq olmaz ki,  “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər)”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir,  gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlara müvafiq tədbirlərin həyata keçirilməsinə böyük zəmin yaradır. 

Qeyd edək ki, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır. Bu gün Azərbaycanın gələcəyi məhz bu yaş qrupunda olan insanların necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır. Mütəxəssislərin fikrincə, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Azərbaycanda hərbi idman oyunları vasitəsilə uşaq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin inkişaf etdirilməsi orta məktəblər üçün hazırlanan xüsusi metodik vasitələrlə həyata keçirilir. Metodik vasitələrdə hərbi idman oyunlarının məzmunu, elmi praktik əhəmiyyəti və onların həyata keçirilməsi metodikası öz əksini tapıb. Əsas məqsəd hərbi idman oyunlarının köməyi ilə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin imkanlarını tədqiq etməkdir. Orduda xidmət zamanı zəruri olan keyfiyyətlərin ayrı-ayrı milli oyunlar vasitəsilə şagirdlərə aşılanması da orta məktəblərdə tətbiq edilir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindəndir.  Fiziki sağlamlığın qorunmasına göstərilən qayğı Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə, eyni zamanda, gənclərimizin vətənin sadiq keşikçilərinə çevrilməsinə zəmin yaradır. 

Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Danılmaz faktdır ki, vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağı sevir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri güclü təsirə malikdir. Azərbaycan dövləti öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib. 

Azərbaycan gənclərinin milli kimliyinin formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən, digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın-hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqla bağlı olan sosial keyfiyyətlər daxildir. Odur ki, milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. 

Hazırda Azərbaycanda həyata keçirilən siyasətin mahiyyəti ondan ibarətdir ki, bu tərbiyə məhfumları bütöv bir sistemin hissələri kimi, gənc nəslin tərbiyəsində, onların düşüncələrinə, əxlaqlarına, hisslərinə, iradəsinə təsir edə biləcək məzmunda aşılansın. Çünki sahiblənmə hissi olmayan birinin milli mənliyi, milli mənlik hissi olmayanın milli ideologiyası, milli ideologiyası olmayan xalqın isə vətənpərvər övladlar yetişdirməsi mümkün deyil. 

Reallıq budur ki, qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Vətənpərvərlik məsələsi cəmiyyətdə həmişə aktual olub, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlidir desək, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. 

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda Vətənə, xalqa bağlı, torpaqlarımızın azad olunması uğrunda canlarından keçməyə hazır olan gənc nəsil formalaşıb. Bəlli olduğu kimi, müharibənin ilk günlərindən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi şöbələrinə müraciət edərək ordu sıralarına yazılmaq istədiyini bildirdi. Gənclərimiz döyüş meydanında göstərdikləri şücaətləri ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmağa, üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan gənci Vətən uğrunda döyüşə atıldı, qəhrəman, şəhid, qazi oldu. Çünki, milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir.

Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

310
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100