Azərbaycanda gənc nəslin formalaşması yolunda Ulu Öndər Heydər Əliyevin rolu böyükdür. Hər bir işdə olduğu kimi Prezident İlham Əliyev miras qalan bu istiqaməti də uğurla davam etdirir. Gənclərin özlərini inkişaf etdirə bilməsi üçün dövlət proqramları qəbul olunur, maarifləndirmə işləri aparılır və gənclərin marağını cəlb edəcək tədbirlər keçirilir. Atılan bu addımlar sayəsində Azərbaycan gənci həm ölkəmizdə, həm də xaricdə böyük uğurlar qazanır. Gənclərə vətənpərvərlik ruhunun aşılanması, milli-mənəvi dəyərlərə sahib çıxılması, özünü inkişaf yolunda addımlar dövlətimizin daim diqqət mərkəzində olub.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusunda Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramov Yenicag.az-la öz fikirlərini bölüşüb.
O, bildirib ki, sağlam təfəkkürlü gənc nəsil yetişdirmək üçün atılmalı olan iki vacib addım var:
“İlk addım onlara yaradılmış sosial şəraitlə bağlı məsələlərə daha çox fokuslanmaqdır. Təhsil, səhiyyə, iş sistemi, hüquqlarının təmin olunması və s. İkinci isə aparılan maarifləndirmə işlərinin daha da artırılması, gənclərlə daha çox vaxt keçirməklə bağlıdır. Gənclərin vətənpərvərlik hisslərinin artırılması və milli mənlik şüurunun inkişaf etdirilməsi yolunda dövlətimizlə yanaşı bizlər də cəmiyyət olaraq çalışdığımız qədər uğurlu addımlar atmalıyıq. Çünki gənclərin istəklərini təmin etməsək və lazımi şəraiti yaratmasaq, gələcəkdə onlardan vətənpərvərlik, milli dəyərlərə sahiblik gözləyə bilmərik. Hər bir gənc öz ölkəsində onun inkişafı, sağlamlığı, təhsili üçün şəraitin yaradıldığını görmək istəyir.
Müşahidə etsək, son dövrlər Azərbaycanda yad dəyərlərin təbliğatının gücləndiyini görərik. Avropaya inteqrasiya, müasirlik adı altında gənclərə milli-mənəvi dəyərlərə tamamilə zidd və əleyhinə olan başqa “yeniliklər” təbliğ olunur. Nəticə olaraq, onların davranışında, boşanmaların sayında, gənclər arasında cinayətlərin, narkomaniyaya meyilliliyin artmasını müşahidə edirik.
Dəyərlərin təbliğ olunmasında televiziyaların çox böyük rolu var. Boş vaxt aparan seriallar, aşağı səviyyəli verilişlər yox, inellektual, elmi proqramlar hazırlanması daha məqsədə uyğundur. Gələcəkdə Azərbaycanı ölkəmizin inkişafında və xaricdə təmsil olunmasında çıxış edəcək gənclərə insani, milli-mənəvi dəyərlər təbliğ olunmalıdır.
Gəncləri inkişafdan geri saxlayan digər problemlərdən biri isə azad internetdir. Gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılmasında azad internetin pis mənada əhəmiyyətli dərəcədə böyük rolu var. Adını çəkdiyim hər iki nüans yönündə yanaşma sağlam olmazsa, dövlət və cəmiyyət olaraq gənclərimizə vətən, bayraq, millət sevgisi aşılanmazsa, gələcəkdə onlarda istədiyimiz dəyərləri görməyə bilərik. Bayağı və süni vətənpərvərlik verilişləri ilə istədiyimiz nəticəyə çata bilmərik. Məşhur deyimdə ifadə olunduğu kimi – zorla gözəllik olmur. Hər şey təbii olmalıdır.
Dövlətimiz gənclərin idman, təhsil – ümumiyyətlə özlərini inkişaf etdirə bilməsi üçün lazımi imkanları yaradır. Yenə də məsul şəxslər tərəfindən də bu imkanlar daha da artırılmalı, maaarifləndirilmə yönündə işlər gücləndirilməli, gənclərin maraqlarını cəlb edə biləcək proqramlar hazırlanmalıdır. Bir sözlə – dövlət və gənclər arasında bağ daha da gücləndirilməlidir”.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.
Nəsimi Ələsgərli