Azərbaycanda GENDER BƏRABƏRLİYİ: Dövlət siyasəti və mövcud reallıq nə qədər mütənasibdir? – TƏHLİL

Azərbaycanda ailə cəmiyyətin özəyi sayılır və ona görə də bu institut dövlət səviyyəsində qəbul olunmuş qanunlar əsasında qorunur. Qeyd etmək yerinə düşər ki, illər öncə qadının cəmiyyətdəki yeri məhz “ailə” çərçivəsi ilə məhdudlaşırdı. Lakin XX əsrin əvvəllərində cəhalət və nadanlıq içərisində çabalayan cəmiyyətin tədricən bu bataqlıqdan çıxması və inkişaf prosesinə keçidi başladı.

Bu inkişaf qadınların cəmiyyətdə bir fərd kimi formalaşmasına böyük təkan verdi. Xatırladaq ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bununla da, Azərbaycan nəinki Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşdü, həm də bu sahədə bir çox Avropa ölkələrini belə qabaqladı.

1988-ci və daha sonrakı illərdə isə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallıqlarını nümayiş etdirdilər. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu birmənalı olaraq, təsdiq etdi. Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəlikləri daha geniş miqyasda həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixdə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Hazırda dünyanın bütün dövlətlərinin həll etməyə çalışdığı çoxsaylı problemlərdən biri də gender, ailə və demoqrafiya məsələsidir. Demokratik inkişaf yolu seçən ölkələrdə digər sosial qruplar kimi, dövlətin idarə olunmasında qadınların iştirakının təmin olunmasına, dövlətin nüvəsi hesab olunan ailənin möhkəmlənməsinə və beləliklə, ölkənin demoqrafik tarazlığının qorunmasına xüsusi əhəmiyyət verilir. Qadınların sosial və siyasi həyatda fəal iştirak etməsi demokratikləşmə prosesinin əsas elementlərindən biri kimi ön plana çəkilib. Mövcud şəraitdə Azərbaycanın dövlət idarəçiliyində qadınların rolu böyükdür.

Artıq qanunverici orqanda qadınların təmsil olunması, biznes və təhsil idarəetməsində, müxtəlif rəhbər vəzifələrdə qadınların irəli çəkilməsində müsbət dinamika müşahidə olunur. Bu fonda ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bütün sahələrdə, o cümlədən, gender məsələlərində gördüyü işlər misilsizdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər sahələrlə yanaşı, gender, ailə və demoqrafik məsələlərin həll edilməsinə də daim diqqət yetirib. Çünki ölkəmiz demokratik inkişaf yolu seçdiyinə görə cəmiyyətdə qadınların rolunun daha da yüksəldilməsinin vacibliyini önə çəkib, onların dövlətin idarə edilməsinə cəlb olunmasına xüsusi diqqət göstərib. Belə ki, qadınların sosial və siyasi həyata inteqrasiya etməsi demokratikləşmə prosesinin əsas elementlərindən biri sayılır. Gender bərabərliyinə nail olmaq və qadın hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət milli mexanizmlərin yaradılması ilə yanaşı, bu sahədə QHT-lərin fəaliyyəti üçün də əlverişli şərait yaradıb.

Yerli və beynəlxalq QHT-lər gender bərabərliyinin təmin olunması və qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik aktlarının, həm də inzibati tədbirlərin hazırlanması və həyata keçirilməsinə fəal surətdə cəlb edilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz növbəsində yerli və beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq edir. Hazırda ailə münasibətlərinin tənzimlənməsi istiqamətində həm dövlət, həm ictimai təşkilatlar, həm də Qeyri-Hökumət Təşkilatları problemli ailələrə yardım göstərmək istiqamətində məqsədyönlü iş aparırlar.

Azərbaycanın ailə modelinin ən etibarlı model kimi formalaşmasında milli-mənəvi dəyərlərimizin əhəmiyyətli rol oynadığı hər kəsə bəllidir. Lakin təəssüflə qeyd edilməlidir ki, son zamanlar gənc ailələrin dağılması hallarının artması yüksələn ardıcıllıqla gedir. Bu xoşagəlməz tendensiyanın yaranma səbəbləri müxtəlifdir. Azərbaycan dövləti bu mənfi gedişatın qarşısını almaq üçün bir sıra vacib tədbirlər görür və əhali arasında hüquqi maarifləndirmə işini təmin etmək üçün müxtəlif qurumların fəaliyyətini gücləndirir. Azərbaycanda gənc ailələrin dağılmasının əsas səbəblərindən biri yetkinlik yaşına çatmayan qızların valideynlər tərəfindən zorla vaxtından əvvəl ərə verilməsi ilə bağlıdır. Bu hala qarşı dövlət səviyyəsində hətta qanunvericilik bazasında ciddi mübarizə təşkil edilsə də, bu cür mənfi hallara hələ də rast gəlinir.

Ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl hüquqi baza mövcuddur. Bu baxımdan, mövcud neqativ halların qarşısını almaq üçün xüsusilə, bölgələrdə gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsi vacibdir. Çünki ailə, qadın cəmiyyətin güzgüsüdür və onun inkişafında böyük əhəmiyyətə malikdir. Qeyd edək ki, son illər Azərbaycan cəmiyyətində gender bərabərliyi ilə bağlı ciddi uğurlar əldə olunub. Artıq bu uğurları beynəlxalq qurumların hazırladıqları hesabatlarda da görmək mümkündür. Belə ki, son bir neçə ildə ölkəmizdə qadınların ictimai fəallığı xeyli yüksəlib, idarəetmə və qərar qəbuletmədə zərif cinsin nümayəndələrinin iştirakı artıb.

Ölkəmizdə qadınlar müxtəlif dövlət qurumlarında və sferalarda fəaliyyət göstərərək, böyük uğurlara imza atırlar. Eyni zamanda, hər il ölkəmizdə diplomat qadınlarımızın sayı da getdikcə artır. Son proseslər göstərir ki, dövlətimiz gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün məqsədyönlü siyasət yürüdür. Bu, çox təqdir olunası haldır. Çünki bütün sahələrdə qadının rolu böyükdür. Şübhəsiz, təhsilli, savadlı, dünyagörüşlü qadın gələcəyimizin xilaskarıdır.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.