Azərbaycanda gender bərabərliyinin TƏMİN EDİLMƏSİ: Ölkədə kişi-qadın ayrımının kökündən həll yolu – TƏHLİL

Qlobal sayıla biləcək və bütün dünyanın həll olunması üçün mübarizə apardığı sahələrdən biri də gender münasibətləridir. Bu mübarizə XX əsrin ikinci yarsından sonra daha geniş vüsət almağa və bütün dünyanı əhatə etməyə başladı. Hətta məsələnin gündəmdə aktuallığını hər zaman qoruması dünyanın siyasi proseslərini müəyyənləşdirən bir sıra təşkilatların problemin həllinə fokuslanmasına səbəb olub. 1952-ci ildə “Qadınların siyasi hüquqları haqqında”, 1962-ci ildə “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında”, 1979-cu ildə isə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT-də konvensiyalar qəbul edilib. Bəs günümüzdə zəruri olan gender münasibətlərini tənzimlənməsi Azərbaycanda necə həyata keçirilir?

Mövzu barəsində Yenicag.az-la fikirlərini bölüşən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, ölkəmizdə gender münasibətləri üçün gözəl mühit yaradılıb:

“Lakin hər sahədə olduğu kimi, gender münasibətləri sferasında da müəyyən problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün isə dövlətimiz lazımi qayğı və diqqəti əsirgəmir.
Ölkəmizdə və ümumilikdə dünyada xüsusən yüksək vəzifə sahiblərinə baxsaq, əksəriyyətinin kişi olduğunu müşahidə edərik. Həll olunması əsas məsələlərdən biri məhz budur. Vəzifə sahibi qadınların fəaliyyətini analiz etsək, işini çox yüksək səviyyədə icra etdiyinin şahidi olarıq. Kişilərlə müqayisədə qadınlar üzərlərinə düşən vəzifəni daha yüksək səviyyədə icra edə bilər.

Çünki qadın ailənin əsasıdır. Ailədə hər kəsin dərdinə yanan varlıqdı. Əgər icra başçısı qadın seçilərsə, o rayonun anası olmalıdır. Kiçikdən-böyüyə qədər hər kəsin dərdini dinləməli, hər kəsin dərdinə çarə tapmalıdır. Bunu isə yalnız bilikli, bacarıqlı və düzgün qadın edə bilər. Bu tələblərə cavab verən kifayət qədər Azərbaycan qadını var.
Qarşıdan parlament seçkiləri yaxınlaşır. Niyə 40 faiz qadınlar, 60 faiz kişilərdən təşkil  olunmasın? Qulağa heç də pis fikir kimi gəlmir. Parlamentdə oturan kişilər qadınlardan artıq sözmü danışır? Savadlı, bilikli, təcrübəli qadınlarımızın sayı həddindən artıq çoxdur. Məhz həmin qadınlara namizədliyini irəli sürməsi üçün şərait yaratmaq lazımdır.

İnanırıq ki, seçkilərdən sonra lrezident İlham Əliyev islahatlar keçirəcək, qalib ölkəmizin daha da inkişafı üçün hər sahədə olduğu kimi, gender münasibətləri sahəsində də müvafiq addımların atılması üçün lazımi qərarlar qəbul edəcək”.

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov isə Yenicag.az-a bildirib ki, son illərin demoqrafik statistikalarına baxdıqda Azərbaycanda vəziyyətin stabil olaraq qaldığı müşahidə olunur:

“Yəni şəhər və kənd əhalisi, kişi və qadın faiz nisbətilə əhali bölgüsündə çox ciddi dəyişikliklər baş verməyib. Bu isə ölkəmiz üçün sevindirici hal olaraq əhalinin təbii artım statistikasında hansısa problemin mövcud olmadığının göstəricisidir.
15-20 il öncə ilə müqayisə etdikdə ölkəmizdə urabnizasiyalaşma prosesi sürətlənib. Yəni kəndlərdən şəhərə axın edənlərin sayında artım müşahidə olunub. Buna səbəb isə rayonlarda və kəndlərdə gəlir yerinin aşağı olması, yaxud şəhərdə yüksək maaşlı işlərin tapılmasıdır. Urbanizasiyanın əksi olan de-urbanizasiya prosesi istədiyimiz səviyyədə deyil. Çünki kənd və rayonlardan şəhərə axın edən əhali, xüsusilə də gənclər geri qayıtmaq niyyətində olmur.

Azərbaycanın gender statistikasına baxdıqda kişilərin 49.8 faiz, qadınların isə 50.2 faiz təşkil etdiyini görərik. Lakin cəmiyyət arasında bu hiss olunmayacaq dərəcədə azdır. Son illər Azərbaycanda kişilərin sayı artmaqdadır. Buna səbəb isə ailənin daha çox oğlan uşağına maraqlı olmasıdır. Nəticədə isə abortların sayı artır.

Narahatlıq doğuran əsas problemlərdən biri boşanmalarla bağlıdır. Belə ki, son statistikaya baxdıqda 7500-dən çox nikah, təxminən yarısı qədər isə boşanma faktı qeydə alınıb. Bu isə bağlanan nikahların sayında azalma olduğundan xəbər verir. Səbəblər isə müxtəlifdir. Kimi ailədə sosial, kimi ailədə isə iqtisadı problemlər boşanmaya səbəb olur.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanmışdır.

COP29