!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda gözlənilməz proses: Qızıl niyə ucuzlaşır?

!Reklam – Yazi

“Sahibkarlar daha çox zərərlə üzləşməmək üçün əllərindəki qızılı tezliklə satmağa çalışırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər Azərbaycanda qızıl və gümüşün qiymətində baş verən azalmanın səbəblərini izah edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.

Rəşad Həsənovun fikrincə, ucuzlaşmanın əsas səbəblərindən biri ölkədə qızıla tələbatın azalmasıdır:

“Son zamanlar Azərbaycanda müşahidə edilən qızıl və gümüşün ucuzlaşması prosesi müxtəlif faktorlarla bağlıdır. Ümumiyyətlə, dünya bazarlarında son zamanlar qızılın qiymətində sürətli azalma baş verir. Xüsusilə, son iki ayda qızıl 8-9 faiz ucuzlaşıb. Hazırda qızılın bir unsiyası təxminən 1200 dollara təklif olunur. Ancaq buna qədər həmin qiymət 1300 dollar civarında sabitləşmişdi.

Bu faktorun özü də Azərbaycana idxal olunan qızıl məhsullarının maya dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə ki, Azərbaycanın qızıl bazarı idxaldan asılıdır. Məhsulun maya dəyərinin aşağı düşməsi isə sahibkarların qiyməti aşağı sala bilməsinə imkan yaradır.

Digər amil ondan ibarətdir ki, Azərbaycanda müxtəlif dövrlərdə qızıla tələbat kəskin şəkildə dəyişir. Məsələn, İslam təqvimi ilə götürsək, məlum səbəblərə görə Ramazan və Məhərrəm aylarında qızıla tələbat xeyli azalır. Bundan başqa, fevral ayında da qızıl bazarında müəyyən qədər durğunluq yaranır.

Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar olaraq qızıl bazarında fəaliyyət göstərən subyektlər əllərindəki məhsulları daha qısa müddətə satmağa çalışırlar və bu da onların qiymət endirmələri ilə müşayiət olunur.

Onu da nəzərə alaq ki, hazırda Türkiyənin qızıl bazarı kifayət qədər cəlbedici olub. Əvvəlki dövrlərdə nisbətən baha qiymətə alınan məhsulu indi daha aşağı qiymətə ölkəyə gətirmək təşəbbüsləri artmaqdadır. Sahibkarlar məhz bu amilə görə bir çox hallarda əllərindəki qızılı daha aşağı qiymətə təklif edirlər.

Bazarın təhlili təsdiq edir ki, qızılın qiyməti hələlik azalan istiqamətdə dəyişir. Proqnozlar da onu göstərir ki, hər hansı bir ciddi kataklizmlər olmasa, qızılın ucuzlaşması növbəti aylarda da davam edə bilər. Bu səbəbdən, əllərindəki qızıl məmulatını daha baha qiymətə alan sahibkarlar ucuzlaşma şəraitində zərərlə üzləşməmək üçün məhsulu mümkün qədər tez realizə etməyə çalışırlar.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüşün qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, avqustun 15-də qızılın qiyməti ötən günlə müqayisədə 12,716 manat azalaraq 1 unsiya üçün 2019,2005 manat təşkil edib. Gümüş isə 0,151 manat ucuzlaşaraq 1 unsiya üçün 25,4363 manata bərabər olub.

ELÇİN

www.yenicag.az

5376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv