Azərbaycanda “Hepatit“ təşvişi: Virus su ilə yayılır?

Son aylarda Azərbaycan ayrı-ayrı ərazilərində “Hepatit A” virusuna tək-tək yoluxma halları qeydə alınır.

Yanvar ayında Bakının iki qəsəbəsində “Hepatit A” virusu yayılıb.

Əmircan və Bülbülə qəsəbələrində yayılan sarılıq xəstəliyinə içməli suyun səbəb olması xəbəri əhali arasında narahatlığa səbəb olub.

Yoluxanlar arasında həm böyüklər, həm də uşaqlar var. Böyüklərin hospitalizasiyası əsasən, Sabunçu Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində, uşaqların hospitalizasiya isə həm Sabunçu Tibb Mərkəzində, həm də 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının xüsusi ayrılmış korpusunda həyata keçirilir.

“Hepatit A” virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir.

Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir.

Məsələ ilə bağlı Modern.az-a danışan hepatoloq-infeksionist Mərdan Əliyev bildirib ki, “Hepatit A” hepatotrop viruslar tərəfindən törədilən qaraciyər xəstəliyidir:

“Hepatit A” xəstəliyi eyni adlı virusun insan orqanizminə daxil olması nəticəsində yaranan xəstəlikdir. Qaraciyərdə iltihablı bir vəziyyət meydana gəlir. Xəstələrin dərisi, gözləri saralır. İştahasızlıq, ürəkbulanma, qusma, bədən temperaturunun yüksəlməsi ilə müşahidə olunur. Bu xəstəlik daha çox uşaqlar arasında rast gəlinir. Uşaqlar bu xəstəliyə daha həssasdırlar. Əsasən qida yolu, çirkli əllər vasitəsi ilə yoluxur. Mədə-bağırsaq sisteminə düşün mikrob xəstəlik törədir. Bağçalarda, aşağı sinif şagirdləri arasında bu xəstəliyə yoluxma varsa, yayılma riski yüksəkdir. Təmasda olan şəxslər yoluxa bilərlər”.

Həkimin sözlərinə görə epidemik vəziyyət baş verirsə, belə hallarda sudan şübhələnmək lazımdır:

“Qəsəbə, rayonlarda virusa yoluxma halları qeydə alınırsa, bu su ilə əlaqəlidir. Su hepatit virusi ilə çirklənib, içənlərə də yoluxur. Koronavirus, qızılca kimi hava, damcı yolu ilə yayılmadığı üçün sürətli yoluxma müşahidə edilmir. Ancaq kütləvi yoluxma suyun çirklənməsi vasitəsiylə mümkün ola bilər”.

Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar, Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırıldığı bildirilib.

Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyinin müəyyən edildiyi açıqlanıb.

COP29