Azərbaycanda hər kəs bu sahədən uzaqlaşır – Səbəbi NƏDİR?

Kart sisteminə keçid edən avtobusların əksəriyyətində sürücülərin daha aqressiv və narazı olduğu bildirilir. Bu kimi şikayətlər redaksiyamıza tez-tez daxil olur. Oxşar hallardan biri də 40 nömrəli marşrut xətti (Günəşli qəsəbəsi – Sabunçu qəsəbəsi) ilə hərəkət edən avtobusla bağlıdır. Ancaq bu dəfə məsələ bir qədər fərqlidir.

Sərnişinlər avtobuslar arasında intervalın həddən artıq olduğunu bildirirlər. Həmin avtobusun sürücüləri isə məsələyə səbəb olaraq, sürücülərin az olduğunu, heç kimin bu sahədə çalışmağa həvəsli olmadığını göstəriblər. Məlumat üçün qeyd edək ki, sözügedən marşrut xətti üzrə interval 30 dəqiqə hesablanır.

Maraqlıdır, niyə son illər ərzində avtobus üzrə fəaliyyət göstərən sürücülərin sayında azalma müşahidə olunur? Bu vəziyyəti düzəltmək üçün nələr edilməlidir?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Yeni Sabah” açıqlamasında sualları belə cavablandırıb:

“Sərnişindaşımanın bu növündə, xüsusilə, avtobus daşımalarında insanlar bu proseslərə müsbət yanaşa bilmirlər. Bəzən olur ki, əvvəlki qaydalarla, yəni, plan üzrə işləyən insanlar maaş və digər sistemlərlə uyğunlaşmırlar. Ona görə ki, plan üzrə olan vaxtlarda başqa qayda-qanunlarla fəaliyyət göstəriblər. Maaş sistemində isə vəziyyət əvvəlkindən fərqlidir”.

Ekspert qeyd edib ki, sürücüləri bu işə həvəsləndirmək üçün müəyyən addımlar atılmalıdır:

“Sadalanan səbəblərə görə sürücülər bu işə həvəs göstərə bilmirlər. Maaşın onları qane etməməsi, tələblərinin və maddi ehtiyacların yüksək olmasını əsas gətirirlər. Bu onların şəxsi və subyektiv fikirləri olsa belə, faktiki olaraq durum budur. Digər alternativ isə, sürücülərin maaşı artırılmasa belə, Əmək Məcəlləsinə uyğun olaraq, təltif etmələr, təşəkkürnamələr, irili-xırdalı bir neçə proseslər olmalıdır ki, insanlarda bu işə qarşı sevgi və həvəs olsun. Belə olduğu təqdirdə sürücülərin işində bu kimi problemlər nəzərə çarpmaz”.

COP29