“Azərbaycanda hərbi xidmətə çağırışın yaş həddi sui-istifadə hallarının artmasına gətirib çıxarır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanda hərbi xidmətə çağırışın son yaş həddinin çoxluğu və bunun dəyişdirilməsi ehtimalını dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, 35 yaşlı əsgər xidmətdən daha çox problem yaradır.
“Azərbaycanda hərbi xidmətə çağırışın son yaş həddi 35 yaşdır. 35 yaşlı əsgər nəinki manqa, tağım, hətta bölük, bəzi hallarda tabor komandirlərindən belə yaşda böyük olur. Orduda xidmət hər nə qədər nizamnamələrlə aparılsa da, o yaşda əsgərə baxış fərqli olur. Bundan əlavə, 18-20 yaşlı əsgərlərlə 35 yaşlı əsgərin xidmət aparması mümkün deyil. Fiziki göstəricilər belə uyğun gələ bilməz”, – deyə o bildirib.
Hərbi ekspert qeyd edib ki, o yaşda insanların böyük hissəsinin ailəsi, uşağı olur.
“Onların diqqəti heç vaxt xidmətdə ola bilməz. 35 yaşlı birini əsgər aparılırsa və onun ailəsi varsa, onun ailəsinə kim baxacaq? Dövlət baxmırsa, ailədə işləyən də əsgər gedibsə, o ailənin taleyi necə olacaq? Hesab edirəm ki, bu cür boşluqlara diqqət yetirmək lazımdır.
Dünya təcrübəsinə baxırıq, 35 yaş Avstirya və Azərbaycandan başqa heç bir ölkədə yoxdur. Postsovet məkanıda demək olar ki, ölkələrin böyük hissəsi 27 yaşı son hədd kimi götürüb. Rusiya-Ukrayna müharibə aparır. Rusiyada bu yaş 27, Ukraynada isə 25-dir. Hesab edirəm ki, ən uyğun variat elə 27 yaş olmalıdır”, – deyə o əlavə edib.
R.Məhərrəmovun sözlərinə görə, dövlət qurumlarının bu yöndə çalışdığı barədə informasiya var:
“Hesab edirəm ki, bu ilin sonuna qədər bu məsələ öz həllini tapacaq”.
Səxavət Məmməd