Azərbaycanda icbari sığorta bazarı kiçildi

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 141,791 milyon manat sığorta haqqı toplanılıb.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,3 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 54,346 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 25,5 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyul aylarında 44,7 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 580,501 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 241,128 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 19,9 % azdır.

7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57 manat olub.