Reklam: High Technic
hightechnic

Azərbaycanda ilk dəfə! Müştəri bankın müflis elan edilməsini tələb etdi - 1 milyon dollarlıq qalmaqal

Bank məsələlərini davamlı olaraq gündəmdə saxlayan hüquqşünas Əkrəm Həsənov öz sosial media hesabından maraqlı bir fakt paylaşıb və vətəndaşlara tövsiyə edib. Yeniçağ.az həmin yazını təqdim edir:

“Xarici vətəndaş iri banklarımızdan birindən bir neçə aydır ki, təxmini 1 mln. ABŞ dolları məbləğində əmanətini çıxara bilmir. Buna görə də Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək, həmin bankın iflas proseduruna başlanılmasını xahiş edib ki, nəticədə Əmanətlərin Sığortalanması Fondu əmanətini qaytarsın.

Belə ki, “Banklar haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, bank öz öhdəliklərini yerinə yetirmədikdə, kreditor Palataya vəsatətlə müraciət edə bilər. Palata vəsatətə 5 təqvim günü müddətində baxmalı və iki variantdan birini seçməlidir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı təsdiq olunarsa, Palata onun lisenziyasını ləğv etməli və iflas proseduruna başlanılmasına dair məhkəməyə müraciət etməlidir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı təsdiqlənməzsə, Palata kreditora əsaslandırılmış imtina göndərməlidir.

Onu da deyim ki, həmin xarici vətəndaş sözügedən bankı məhkəməyə də verib və birinci instansiya məhkəməsi əmanətin qaytarılması barədə qətnamə də qəbul edib. Beləliklə, bankın öhdəliyini icra etməməsi açıq-aşkardır. Buna görə də Palatanın seçim imkanı məhduddur. Formal olaraq, lisenziyanı ləğv etməlidir. Çünki əsaslandırılmış imtina verməsi sadəcə, mümkün deyil (belə imtina verib bankın vəziyyətinin qənaətbəxş olmasını iddia etmək ümumiyyətlə, Palata üçün gələcəkdə çox təhlükəlidir, çünki onun kreditorları Palataya qarşı da iddialar irəli sürə bilər). Düzdür, bir yol da var: bankın təcili olaraq Mərkəzi Bankdan kredit alıb, öhdəliklərinin icrasını təmin etmək… Lakin məlum olduğu kimi, Palata ilə Mərkəzi Bankın münasibətləri, yumşaq desək, etimad və əməkdaşlıqdan çox uzaqdır. Odur ki, ötən həftənin sonunda bank sektorunun vəziyyətinin yaxşılaşdığını bəyan edən Palatanın cavabını böyük maraqla gözləyirəm…

P.S. Bu kimi vəziyyətə düşmüş bütün əmanətçilərə və bank müştərilərinə analoji addımı atmağı tövsiyə edirəm. “Bank of Azərbaycan”ın acı taleyini xatırladıram. İllərlə bu bank əmanətləri qaytarmadı, amma Mərkəzi Bank tədbir görmədi və bankın olan-qalan əmlakı da talan edildi. Nəticədə, müflis oldu və müştəriləri böyük itkilərə məruz qaldı. Odur ki, müflisliyi vaxtında tələb edib, pulunuza sahib çıxın!”.

Yeniçağ.az

www.yenicag.az

89