Azərbaycanda ilk dəfə tele-opera çəkildi – FOTOLAR

Görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operasının tele-operası çəkilib.

Layihənin ideya müəllifi “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur.

Yenicag.az-ın məlumatına görə, R.Qasımov sözügedən layihənin həyata keçirilməsinin mədəni sahədə böyük addım olduğunu bildirib: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında, ölkə rəhbəri cənab prezident sərəncam verdi. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirov və Cəfər Cabbarlının “Sevil” operasını tele-opera şəkilində çəkib, xalqımıza təqdim edək. Bu opera müxtəlif illərdə bizim özünəməxsus sənətkarlarımız tərəfindən ifa olunub. Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan bu opera yüksək texnoloji avadanlıqla ilk dəfə lentə alınıb, HD formatla çəkilib.

İfaçılara gəldikdə tamaşanın dirijoru Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Eyyub Quliyevdir. Tele-operanın rejissoru Akademik Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Qərblə Şərqin sintezi, həmçinin aktyorların fərqli daxili dramaturgiyası tamaşaçılara açılır”.

Qeyd edək ki, tamaşada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa ediblər.

Cəvahir

COP29