Azərbaycanda illik inflyasiya 14 faizə yaxınlaşdı

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 %, qeyri-ərzaq məhsulları üzrə 107,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, təkcə ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 115,6 % olub.

Bu ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayına nisbətən 102,2 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 121 % təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, azalma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,3 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 110,9 % olub. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, azalma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Oktyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə sentyabra nisbətən 100,9 %, ötən ilin oktyabrı ilə müqayisədə isə 112 % təşkil etmişdir. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.