Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 104 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 %, qeyri-ərzaq məhsulları üzrə 103,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 % təşkil edib.
Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin aprel ayında istehlak qiymətləri indeksi mart ayına nisbətən 100,3 %, ötən ilin aprel ayına nisbətən 104,3 % təşkil edib.
Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 100,4 %, ötən ilin aprel ayına nisbətən 104,4 % təşkil edib.
Ötən ay ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, almanın, armudun, kələmin, pomidorun, bibərin, çuğundurun, balqabağın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, qozun, fındığın, xiyarın, badımcanın, yerkökünün, kartofun və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi mart ayına nisbətən 100,3 %, ötən ilin aprel ayına nisbətən 103,9 % təşkil edib.
Ötən ay ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aprel ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi mart ayına nisbətən 100,2 %, ötən ilin aprel ayına nisbətən 104,3 % təşkil edib. Ötən ay ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri, dişlərin müaliсəsi, bərbərxana və kosmetoloji xidmətlərin, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.