Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi: “Ən zəif halqa…” – Mütəxəssis

“Kompüter istifadəçilərinin informasiya təhlükəsizliyi ilə bağlı az məlumatlı olması problemdir”.

Bu sözləri ölkəmizdə informasiya təhlükəsizliyi ilə bağlı vəziyyəti dəyərləndirən mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında deyib.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisə görə, Azərbaycanda kibertəhlükəsizliyə önəm verilir və bu sahədə strategiya hazırlanır:

“İnformasiya Təhlükəsizliyi günümüzün ən aktual mövzularından biridir. Məlumdur ki, həm ölkəmizdə, həm də bütün dünyada kiber hücumların sayı gündən-günə artır. Bununla əlaqədar Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq qayda və qanunlar hazırlanır, yenilənir. Misal üçün “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qanun hazırlanıb. Həmçinin bu mövzuda müxtəlif seminar və tədbirlər keçirilir. Kəskin pandemiya dövründə belə tədbirlərin həyata keçirilməsi mümkün deyildi. 29-30 noyabr tarixlərində PROSOL CJSC şirkətinin “Azərbaycan üçün daha güclü kiber ekosistem” başlığı altında tədbiri baş tutub. Bu tədbirdə 6 fərqli panel üzrə müzakirələr təşkil olunub. Tədbirə İsrail, Türkiyə, Ukrayna kimi ölkələrdən eskpertlər cəlb olunub və öz təcrübələrini bölüşüb. Tədbir Azərbaycanda özəl sektor tərəfindən təşkil edilən ilk kibertəhlükəsizlik tədbiri idi.

Bu gün ölkəmizdə rəqəmsallaşma sürətlə gedir. Ölkə əhalisinin çox hissəsi internetdən istifadə edir. Bütün bunlar ölkəmizin kiber mühitin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Bu istiqamətdə müvafiq addımlar atılır. Azərbaycan Ali Məktəblərində də bu sahəyə xüsusi diqqət yetirilməyə başlayıb. Bu sahə ilə bağlı yeni ixtisaslar yaradılıb və müvafiq fənnlər üzrə tədris aparılır”.

Asif Rzayev qeyd edib ki, əsas problemlərdən biri kadr çatışmazlığıdır:

“Azərbaycanda bir çox mütəxəssislər bu sahə ilə bağlı xaricə üz tutur. Bu problemlər gələcəkdə də öz aktuallığını qoruyacaq. Bununla bağlı müəyyən tədbirlər görülməlidir. Digər problemlərdən biri də kompüter istifadəçilərinin bu sahə ilə bağlı az məlumatlı olmasıdır. İnformasiya təhlükəsizliyinin ən zəif halqası insandır. Bununla bağlı maarifləndirmə seminarları və tədbirləri keçirilməlidir.

Beynəlxalq standartlara uyğun olaraq ölkədə müasir tələblərə cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması və bank sektorunda rəqəmsal xidmətlərin genişləndirilməsi, məlumat mübadiləsində informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya resurslarının kiber təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi və bu sahədə müntəzəm olaraq maarifləndirmə işlərinin aparılması vacibdir”.

Gülşən Şərif