Qalxanabənzər vəzi xəstəliklərinin əsas səbəbi ümumi radiaktiv fon, müayinə metodlarının artması, sağlam olmayan qidalanma, ekoloji çirklənmə və irsiyyət çox önəmli faktorlardandır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında qalxanabənzər vəzi xəstəliklərinin yaranma səbəbləri haqda danışan həkim-endokrinoloq Nabat Ağayeva deyib.
Onun sözlərinə görə, qalxanabənzər vəzi qida borusunun ön nahiyəsində yerləşən vəzdir və çox vacib funksiyaları özündə əks etdirir.
“Qeyd etmək lazımdır ki, zob el arasında işlənilən termindir. Bu qalxanabənzər vəzini özündə əks etdirir. Qalxanabənzər vəzi hər kəsin qida borusunun ön nahiyəsində yerləşən vəzdir və çox vacib funksiyaları özündə əks etdirir. Onun böyüməsi el arasında zob adlanır. Tibbi dildə isə bu, ur və ya tiroidit vəzi şəklində istifadə olunur. Bu vəz böyüyürsə, məhz bu hal zobdur. Bəzən buna zəhərli zob da deyilir. Bunun bir neçə forması var. Bəzi hallarda inkişafı zəifləyir, fəaliyyəti azalır deyə, el arasında ona tənbəl zob da deyilir”, – deyə o əlavə edib.
N.Ağayeva qeyd edib ki, əvvəllər yeniyetmələrdə daha çox rast gəlinirdisə, hazırda uşaqlarda da bu hala rast gəlinir.
“Uşaqlar arasında da qalxanabənzər vəzi xəstəlikləri sayca artmağa doğru gedir. Bundan əlavə, bu xəstəliyin yaşı da ildən-ilə cavanlaşır. Əvvəllər yeniyetmələrdə daha çox rast gəlinirdisə, hazırda uşaqlarda da bu hala rast gəlirik. Qalxanabənzər vəzi xəstəliklərinin əsas səbəbi ümumi radioaktiv fon, müayinə metodlarının artması, sağlam olmayan qidalanma, ekoloji çirklənmə və irsiyyət çox önəmli faktorlardandır”, – deyə o bildirib.
Həkim qeyd edib ki, bu xəstəlik hər yaşda yaranadığına görə də səbəbləri də müxtəlif olur:
“Qalxanabənzər vəzi xəstəlikləri daha çox autoimmun mənşəlidir. Autoimmun xəstəlikləri onların hər birinin artması müşahidə etmək mümkündür. Təbii ki, buraya qalxanabənzər vəzi xəstəlikləri də istisna deyil. Autoimmun xəstəliklərinin artma səbəbi isə orqanizmin immun sisteminin düzgün çalışmamasından və öz toxumalarını yalnış görərək, zədələnməsinə görədir. Bunu müxtəlif xəstəliklər şəklində görürük. Hazırda viruslar çox aqressiv mutasiyalara səbəb olurlar. Virus hüceyrələri ilə insan orqanizminin hüceyrələri bir birinə oxşar olduqda immun sistemi bunu virus hüceyrəsi kimi qəbul edir və nəticədə xəstəlik yaranır”.
Həkim xəstəliyə tutulmamağın yollarından da söz açıb:
“Xəstəliyə tutulmamaq üçün mütəmadi açıq havada gəzmək, daim qapalı mühitdə qalmamaq, mümkün qədər elektron cihazlardan az istifadə etmək, düzgün və sağlam qidalanmaq kimi yollarla hər xəstəlikdə olduğu kimi, qalxanabənzər vəzi xəstəliyində də rast gəlinməsini azaltmaq olar”.
İsmayıl Bakuvi