Azərbaycanda insanlar ən çox bu xəstəliklərdən ölürlər

Bütün dünyada, o cümlədən Azərbaycanda ürək xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, invaziv kardioloq Qalib İmanov deyib.

Onun sözlərinə görə, koronavirus ürək xəstələrində daha ağır formada özünü göstərir:

“Hazırda koronavirusa qarşı mübarizədə yeganə yol vaksin vurdurmaqdır. Həmçinin maska taxmaq, məsafə saxlamaq və mümkün olduğu qədər insanların çox toplaşdığı yerlərə getməmək lazımdır. Elə bir dərman yoxdur ki, onun yan təsirləri olmasın. Təbii ki, koronavirusa qarşı vaksinlərin də müəyyən qədər təsirləri ola bilər. Amma bunların törədəcəyi fəsad koronavirusla müqayisədə qat-qat azdır. Ürəyində stenti olanlar, təzyiq xəstələri, açıq ürək əməliyyatı keçirmiş xəstələr, klapanı dəyişdirilən, anadangəlmə ürək qüsurundan əməliyyat olunan xəstələr mütləq şəkildə vaksin vurdurmalıdır. Kimə vaksin vurulması tövsiyə edilmirsə, ondan götürülən analizə əsasən bu, müəyyənləşdirilir. Bu cür xəstələrin sayı da çox azdır. İslandiyada may ayından bəri yoluxma sayı bütün dünyada olduğu kimi qalsa da, heç bir ölüm halı qeydə alınmayıb. Bunun səbəbi əhalinin 70 faizindən çoxunun peyvənd olunmasıdır. Mən də vətəndaşlarımıza tövsiyə edirəm ki, nə qədər imkan varsa, vaxt itirmədən vaksinasiya olunsunlar. Çünki vaksinasiya olunanların sayı nə qədər çox olsa, kollektiv immunitet də bir o qədər yüksək olar, cəmiyyətimizi, özümüzü və bütün yaxınlarımızı bu şəkildə qoruya bilərik”.