Azərbaycanda internet SÜRƏTİ: “Belə göstəricilər biabırçılıqdır” – Natiq CƏFƏRLİ

 “Speedtest Global Index” indeksi  sabit və mobil internetin sürətinə görə dünya ölkələri üzrə reytinqi açıqlanıb. Açıqlanan məlumatda bildirilib ki, sabit internet sürətinə görə Azərbaycan 181 ölkə arasında 122-ci yerdə qərarlaşıb, mobil internet sürətinə görə isə 137 ölkə arasında 66-cı yeri tutub. 

Yenicag.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli öz fikirlərini bölüşüb. İtisadçı bildirib ki, Azərbaycanda internetin qiymətinin yüksək, sürətinin isə az olmasının əsas səbəbi inhisarçılıqdır.

N. Cəfərliyə görə, ölkədə mobil və sabit internetin sürəti qənaətbəxş deyil və mövcud vəziyyət biabırçı səviyyədədir:

“Azərbaycanda bu cür internet sürəti ilə hələ distant təhsil, online dərslər keçirmək istəyirlər. Məhz bu səbəbdən 2020-ci ildə ölkənin böyük bir hissəsində məktəblilər onlayn təhsildən məhrum oldular, bunun fəsadlarını hələ illər sonra daha kəskin hiss edəcəyik.  Azərbaycanda internet bölgəmizdə ən baha qiymətə olan xidmətlərdən biridir. Belə ki, ölkədə 100 mbit/s internet 44,64 dollardır.  Eyni həcmli internet Ukraynada 6,18 dollar, Rusiyada 7,68 dollar, Moldovada 9,66 dollar, Qazaxstanda 11,21 dollar, Belarusda 12,96 dollar, Ermənistanda 21 dollar, Türkiyədə 30,09 dollar, Gürcüstanda 33,79 dollar təşkil edir.

Azərbaycanda internet qiymətləri Ukraynadan 7 dəfə bahadır. Ölkədə bu xidmətin qiyməri bəzi Avropa ölkələrindən də bahadır, məsələn: Macarıstanda 10,32 dollar, Bolqarıstanda 13,88 dollar, Latviyada 14,19 dollar, Finlandiyada 17,91 dollar, Litvada 19,73 dollar, Çexiyada 23,57 dollar, İspaniyada 33,11 dollar, Avstryada 39,79 dollardır.  Qiymət baha,  sürət az və bu gedişlə Azərbaycan hökuməti 21-ci əsrdə yüksək texnologiyalardan, “ağıllı kənd və şəhərlər”dən danışır. Qiymətin yüksək, sürətin isə az olmasının əsas səbəbi rəqabətsizlikdir. Bu isə ölkənin bütün sahələrində “xroniki xəstəlikdir””.

Gülşən Şərif