Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq

Noyabrda Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq tədbirlərdə BMT-nin altı rəsmi dilinə tərcümələr olacaq.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəfləri Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəfləri Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, sessiya müddətində tədbirlərin BMT-nin altı rəsmi dilində aparılmasına imkan verən avadanlıq və qurğulardan istifadə ediləcək.

Məlumat üçün bildirək ki, BMT-nin altı rəsmi dil kimi Çin, ərəb, fransız, ingilis, ispan və rus dilləri qəbul edilib.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

COP29