“Uşaqların dilənçiliyə cəlb olunması insan alveri sayılır və cinayət məsuliyyəti yaradır”.
Bu fikirləri dilənçiliyin aradan qaldırılması üçün atılması zəruri olan addımlardan danışan hüquqşünas Səməd Rəhimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, dilənçilik birbaşa qadağan olunmasa da, avaralıq məsuliyyət yaradan haldır:
“Avaralığa görə öncə xəbərdarlıq edilsə də, bu hal təkrarlandığı təqdirdə həmin şəxslərə qarşı cərimə tətbiq olunur. Bunların faydası olmadıqda, 15 sutkaya qədər həbs nəzərdə tutulur.
Ümumiyyətlə, avaralıq dedikdə, xırda oğurluq və dilənçiliklə yaşayan şəxslər nəzərdə tutulur. Yəni avaralıq haqqında nəzərdə tutulan qanunda dilənçilik fəaliyyəti qadağan olunub.
Uşaqların dilənçiliyə cəlb olunması insan alveri sayılır və cinayət məsuliyyəti yaradır. 18 yaşdan yuxarı şəxslər dilənçiliklə məşğul olduqda, polis onlara xəbərdarlıq etməlidir. Bu tədbir nəzərə alınmadıqda, mövcud qanunvericiliyə əsasən, şəxs cərimələnə, növbəti hallarda isə inzibati qaydada həbs edilə bilər.
Polisin istənilən cinayət və ya inzibati xətalarla bağlı olduğu kimi, dilənçiliyin aradan qaldırılması üçün də profilaktik səlahiyyətləri var. Bu çərçivədə həmin şəxslərlə müvafiq söhbət aparıla, ödənişli ictimai işlərə, yaxud məşğulluğa cəlb edilə bilərlər”.
Nəsimi Ələsgərli