!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda liberal İQTİSADİ SİSTEM: Dövlət bazar münasibətlərinin dayanıqlığını necə təmin edir? - TƏHLİL

!Reklam – Yazi

Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılmasıdır.

Dünyada azad ticarət və sahibkarlığın, bazar əsaslı iqtisadiyyatların müasir sistemi təxminən 200 il əvvəl qurulmağa başlayıb. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Belə ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatını ayağa qaldırmaq üçün köklü, fundamental islahatlara başlanıldı.

Ulu Öndərin əsasını qoyduğu siyasi kursu davam etdirən prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi kimi özəl sektorun inkişafını hər zaman diqqət mərkəzində saxlayır. Çünki liberal iqtisadiyyat xalqlar arasında ticarətin əlçatanlığını təmin edir. Burada məhsul və xidmətin azad hərəkəti, tərəflərin hər birinin yüksək səviyyədə yararlana biləcəyi iqtisadi fəaliyyət nəzərdə tutulur. Beynəlxalq iqtisadi münasibətlərin fəal oyunçusuna çevrilən Azərbaycanda liberal iqtisadiyyatın və azad sahibkarlığın inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Qeyd edək ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatlar həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan fərdlərin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır.

Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində biruzə verir. Təsadüfi deyil ki, sosialyönümlülük Azərbaycanın milli iqtisadi inkişaf modelini səciyyələndirən başlıca xüsusiyyətlərdən sayılır. İqtisadiyyatı möhkəm olmayan bir ölkədə heç bir sosialyönümlü məsələlərin həllindən danışmaq mümkün deyil. Məhz buna görə də müasir dövrdə prezident İlham Əliyev sahibkarlığın inkişafına, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verir. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirərək, onun ümumi iqtisadiyyatdakı tutumunu 80 faizdən də yüksəyə qaldırıb.

Ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədilə Azərbaycan prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılıb. Həmin mərkəzlər vasitəsilə ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müasir avadanlıqlardan istifadə etməsinə şərait yaradılır, onlara biznes planların hazırlanması, marketinq, brendinq, dizayn, maliyyə-mühasibat, hüquqi yardım və məlumatlandırma xidmətləri göstərilir, istehsal olunan məhsulların daşınması və satışının, həmçinin sertifikatlaşdırmanın sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili həyata keçirilir.

Sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri də əlverişli hüquqi zəminin yaradılmasıdır. Son illər ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində mühüm işlər görülüb. Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında və həmin tarixli digər Fərmanına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılaraq onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və hərəkətsizliyindən verilən şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Apellyasiya Şurasında baxılır. Həmçinin prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilib.

Sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın imkanlarının daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Belə ki, prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivəsində strategiya planı hazırlanıb və hədəflər seçilib. Əsas hədəflərdən biri ölkədə azad sahibkarlığı inkişaf etdirmək və KOB subyektlərinin makroiqtisadi göstəricilərindəki payını artırmaqdır. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu müddət ərzində kiçik və orta biznes subyektlərinin qeyri-neft və qaz sektoru üzrə ümumdaxili məhsulda payını 35 faizə çatdırmalıdır. Həmçinin qeyri-neft sektoru üzrə məşğulluqda KOB subyektlərinin payının 60 faizə çatdırılması da strateji hədəf seçilib. Çünki ölkədə azad sahibkarlıq və liberal iqtisadiyyatın bütün ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsi və rəqabətliliyin artırılması vacibdir.

Sahibkarlara dəstək üçün bu ilin əvvəlində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsi təqdim edilib. Mövcud qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Sahibkarlıq yoxlamalarının dayandırılmasının mümkün təsirlərinə toxunan beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov Yenicag.az-a açıqlamasında bildirib ki, məlum qərar sahibkarların haqsız yerə incidilməsinin qarşısını almaqla yanaşı, bu sahəyə olan marağı da artırıb:

“2015-ci ildə Azərbaycan manatının dollara nisbətdə dəyər itirməsi fonunda milli iqtisadiyyatda ciddi proseslər baş verdi. Ölkəmiz bir çox sahəyə məxsus məhsulları idxal etdiyi üçün müəyyən problemlərlə üzləşmişdi. Bu fonda vəziyyətin sabitləşdirilməsi üçün sahibkarlıq subyektlərində yoxlamalar üç il müddətinə dayandırılmışdı. Daha sonra isə bu müddət bir il də uzadılmışdı. Bu addım sahibkarlara müəyyən mənada təsirsiz ötüşmədi. Əvvəllər bir sıra qurumlar aidiyyatı olub-olmamasından asılı olmayaraq müəssisələrin üzərinə gedirdilər və sui-istifadə hallarına yol verirdilər. Məlum qanun qüvvəyə mindikdən sonra sahibkarların incidilməsinə son qoyuldu. Vergi yoxlamaları xaric digər yoxlamalar sıradan çıxdı. İndi yoxlamalar sadəcə qida təhlükəsizliyi və qida məhsulları istehsal edən müəssisələrdə həyata keçirilir. Bu isə strateji əhəmiyyət daşıdığı üçün başadüşüləndir. Artıq altı ildən çoxdur ki, sahibkarlıq yoxlamaları məhdudlaşdırılıb və onlar sui-istifadə halları ilə, demək olar, üzləşmirlər. Fikrimcə, mövcud qanun sahibkarların şikayətlərinin azalmasına səbəb olub. Sahibkar konkret olaraq öz fəaliyyəti ilə məşğuldur və bu, müsbət haldır”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv