Azərbaycanda MALİYYƏ AMNİSTİYASI: “Əgər həmin pulların mənbəyi sorğulanacaqsa…” – ŞƏRH

“Əsas diqqət ölkəyə daxil olan vəsaitlərin iqtisadiyyatın inkişafına yönəldilməsinə verilməlidir”.

Bu fikirləri maliyyə naziri Samir Şərifovun 2022-ci ildə ölkədə maliyyə amnistiyasının tətbiqinə yönəlik təşəbbüslərin gözlənildiyinə dair açıqlamasını şərh edən sabiq millət vəkili, professor Əli Əlirzayev Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, maliyyə amnistiyasına düşəcək vəsaitlərin dövriyyəyə qaytarılmasının çox böyük sosial-iqtisadi əhəmiyyəti var:

“Ümumiyyətlə, maliyyə amnistiyasının tətbiqi yeni məsələ deyil. Hələ mən özüm də Milli Məclisin deputatı olarkən bu məsələni qaldırmışdım. Maliyyə amnistiyasının tətbiqi dedikdə xaricdə saxlanılan gizli pulların Azərbaycana qaytarılması, maliyyə aşkarlığının təmin olunması, kimin necə toplamasından asılı olmayaraq, əlindəki pulları üzə çıxarması və iqtisadiyyata yatırması nəzərdə tutulur.

Bu zaman həmin pulların mənbəyi, necə əldə olunması və ya kimdən miras qalması təhqiqat predmeti olmur. Burada əsas məqsəd həmin gizli pulların ölkəyə qaytarılmasını təmin etməkdir. Əgər həmin pulların mənbəyi sorğulanacaqsa, bu daha amnistiya olmadı ki…

Əlbəttə ki, o vəsaitlərin dövriyyəyə qaytarılmasının çox böyük sosial-iqtisadi əhəmiyyəti var. Bununla dövriyyədəki pulun miqdarı artacaq, təsərrüfat fəaliyyətləri genişləndiriləcək, müxtəlif mülkiyyət formaları yaranacaq və sair.

Maliyyə amnistiyasının tətbiq olunmadığı şəraitdə hətta sərhəddən keçən kimi insanlardan əlindəki pulları haradan və necə əldə etməsi sorğu-sual olunurdu. İndiki vəziyyyətdə maliyyə amnistiyası gerçəkləşərsə, o zaman məsuliyyət yaradan heç bir hal, müddəa olmamalıdır. Əsas diqqət ölkəyə daxil olan vəsaitlərin iqtisadiyyatın inkişafına yönəldilməsinə verilməlidir. Bu, çox vacibdir”.

A.Zeynalov