Azərbaycanda maşınlar UCUZLAŞIR: “İlin sonunda…”

 

Son illərdə Azərbaycanın avtomobil bazarında ciddi dinamika müşahidə olunur.

Xüsusilə Çin istehsalı olan avtomobillər bazarda öz mövqeyini gücləndirməkdədir. Daha sərfəli qiymətləri və müasir texnologiyaları ilə seçilən Çin markaları həm yeni avtomobil alıcılarının, həm də ikinci əl bazarın diqqətini cəlb edib. Bunun əsas səbəbi, bu avtomobillərin həm iqtisadi, həm də texniki baxımdan rəqabətə davamlı olmasıdır.

Çin avtomobillərinin geniş yayılması qiymət siyasətinə də təsirsiz ötüşməyib. Bazarda daha münasib qiymətlərə təqdim olunan bu avtomobillər digər istehsalçıları da rəqabətədavamlı təkliflər verməyə məcbur edir. Bununla yanaşı, keyfiyyət standartlarında inkişaf, zəmanət müddətlərinin artırılması və müştəri məmnuniyyətinin ön planda tutulması Çin markalarının Azərbaycanda populyarlaşmasında mühüm rol oynayıb. Bu tendensiya ölkədə avtomobil sektorunda yeni bir dövrün başlanğıcını işarə edir və alıcılara həm büdcələrinə, həm də zövqlərinə uyğun geniş seçim imkanları təqdim edir.

Yenicag.az-la söhbətində Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub

Əliyev təsdiqləyib ki, ölkədə artıq iyirmidən çox Çin avtomobil markası satışını həyata keçirir və rəsmi dilerlər qiymətlə deyil, əksinə, zəmanət, ehtiyat hissələri, servis xidməti və bu kimi amillərlə rəqabət aparırlar, bazarda bu kimi hallarla müştərilərin diqqətini cəlb edirlər:

“Amma təəssüflər olsun ki, qeyri-rəsmi avtomobil gətirənlər də var. Məsələn, “Changan”ın Avropa regionu üçün olan markasının Çinin daxili bazarı üçün istehsal olunan eyni modelini çox zaman ölkəmizə gətirənlər olur. Əlbəttə ki, onlar da qiymət amilinə rəqabət aparmağa məcburdurlar.

Bu kimi şəxslərə isə nə zəmanət verirlər, nə də onları ehtiyat hissəsi və servis xidməti ilə təmin edirlər. Sadəcə, belə şəxslər avtomobil rəsmi dilerdən 2-3 min manat aşağısına satandan sonra “mən səni tanımıram, sən də məni” deyirlər. Belə olan təqdirdə, qiymət Çin avtomobillərində aşağı olur. Amma ilin sonunda istənilən avtomobil markasında cüzi də olsa endirimlər olur. Yəni il sonu olduğu, avtomobilin ili köhnəldiyi üçün əlbəttə ki, müxtəlif markalar müxtəlif endirim kampaniyaları həyata keçirirlər”.

Rafi Müslümov

COP29