!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda Media Reyestrinin ƏHƏMİYYƏTİ: Mətbuatda xaotik vəziyyətin qalmasında kimlər maraqlıdır? - MÖVQELƏR

!Reklam – Yazi

Son vaxtlar Media Reyestrinin tətbiqi ətrafında davam edən narazılıqlar yenidən aktuallaşıb. Belə ki, media sahəsində çalışan bəzi şəxslər Reyestrin tətbiqinə ehtiyac olmadığını düşünürlər və jurnalistlərin qarşısını kəsən bir əngəl kimi qəbul edirlər. Bu narazılığa yanaşma isə birmənalı deyil.

Mövzu ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında bildirib ki, Media Reyestrinin tətbiq olunması həm jurnalistlərin, həm də cəmiyyətimizin marağındadır:

“Bu Reyestrin tətbiqi media sahəsindəki xaotik vəziyyəti aradan qaldırır və peşəkar Kütləvi İnformasiya Vasitələrinin (KİV) hüququnu, statusunu tanıyır. Son dövrlər yeni media dövrü adlandırılır və bu fonda sosial media ilə peşəkar medianın sərhədləri qarışıb. Media Reyestrinin tətbiqi peşəkar medianın hüquqlarının və səlahiyyətlərinin tanınması üçün mühümdür. Media Reyestrinin tətbiqinə qarşı çıxanların sayı azdır. Onlar ümumi media camiəsinin heç 1 faizini də təşkil etmirlər. Lakin onların yanaşması təəssüf doğurur. Maraqlıdır ki, onlar öz mövqelərini tam əsaslandıra bilmirlər. Media Reyestrinin tətbiqi media mühitinin şəffaflaşdırılmasına xidmət edir. Bu isə hər kəsin xeyrinədir. Kimlərsə bu şəffaflaşmanı istəmirlər və əvvəlki xaotik mühitin davam etməsini istəyirlərsə, deməli, onların fərqli maraqları var. Hesab edirəm ki, Media Reyestri ilə bağlı proses tam bitəndən sonra onlar da faydaları görəcəklər və simvolik narazılıqları aradan qalxacaq”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyevanın sözlərinə görə, Media Reyestri hər bir media təsisatının kimliyini müəyyən edən bir sənəddir:

“Bəzi media nümayəndələri Media Reyestrinin fəaliyyətini bir təzyiq metodu kimi qəbul edirlər. Lakin məsələ bundadır ki, hər kəs kimi saytların da bir pasportu olmalıdır. Media Reyestrində saytın fəaliyyətinin izlənilməsi məntiqli addımdır. Ümumilikdə bu prosesi hamı keçməlidir. Hər bir ölkənin özünəməxsus Media Reyestri mövcuddur. Əldə etdiyi informasiyanı sızdırmaq istəməyən və kimliyini gizlətməyə çalışan saytlar bu reyestrin fəaliyyətinə qarşı çıxırlar. Azərbaycanda Medianın İnkişafı Agentliyinin öz üzərinə götürdüyü bir öhdəlik var. Bu proses sadəcə media sahəsində qayda-qanun yaratmaqdan ibarət deyil. Yəni Media Reyestri media sahəsinin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir. Media Reyestri öz fəaliyyətinin səbəblərini açıq şəkildə paylaşır. Qarşı tərəf isə düşünür ki, bu Reyestrə ehtiyac yoxdur.

Əgər hansısa sayt gün ərzində 20 özəl materialı hazırlamağa çətinlik çəkirsə, bu halda sayt rəhbəri bir bloq şəklində öz yazılarını paylaşa bilər.

Media sahəsində təcrübəsi olmayan və cəmiyyətə faydalı yazılar verə bilməyənlər üçün Media Reyestrinin fəaliyyəti arzuolunan deyil. Onlar saytlarının kimə bağlı olduğunu bilinməsini istəmirlər. Ərsəyə gətirdiyi yazılarla cəmiyyətə fayda verən şəxslər Media Reyestrini bir problem kimi görmürlər. Media Reyestri Azərbaycan mətbuatında rəqabətlilik yaradır. Bu isə müsbət haldır. Əvvəllər bütün saytlar eyni məlumatları paylaşırdı, indi isə saytların özünəməxsus informasiya bazası var. Bu, Azərbaycan mediasının daha professional olmasına şərait yaradır.

Media cəmiyyətin həyatında mühüm hadisələr haqqında müxtəlif və etibarlı məlumatların əldə olunması, tirajlanması və s. funksiyası ilə eyni zamanda hakimiyyətlə cəmiyyət arasında dialoq üçün platforma rolunu oynayır. Həmçinin azad və müstəqil media təkcə siyasi inkişafa deyil, həm də iqtisadi inkişafa töhfə verir. Yeni media qanunu müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və institusional inkşafı ilə paralel, ölkədə kütləvi informasiya vasitələri sistemini yenidən qurulması prosesini təşviq edir. Yeni media sistemində islahatların aparılması üçün strategiyanın formalaşdırılması istiqamətində ilk addımdır, onsuz tam demokratik keçid mümkün deyil. Media islahatlarının əsas vəzifələri rəqabətqabiliyyətli və vətəndaşların iştirakına açıq siyasi sistemin qurulması və cəmiyyət quruculuğunun inkişafına yardım edəcək azad, müstəqil medianın yaradılması və inkişaf etdirilməsidir. Məhz azad və müstəqil media mühüm hadisələr haqqında qərəzsiz və etibarlı məlumat paylaşmaqla hakimiyyətlə cəmiyyət arasında dialoq platforması rolunu oynayır”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər isə öz növbəsində qeyd edib ki, mətbuat sahəsində istədiyi cür davrana bilməyən qeyri-jurnalistlər Media Reyestrinin mövcudluğunu həzm edə bilmirlər:

“Reyestr məsələsi həmişə olub. Belə ki, qəzetlər və agentliklər Ədliyyə Nazirliyindən reyestrdən keçib. Sadəcə olaraq bir müddət onlayn media ilə bağlı “KİV haqqında” Qanundakı boşluqlar xoatik vəziyyət yaratmışdı. Bu vəziyyət bəzi şəxslərin işinə yarayırdı. Onlar qeydiyyatsız və ünvansız şəkildə tanınmayan bir domen alaraq istədiklərini yazırdılar. Artıq Azərbaycanda bu sahədə də hüquqi qanunvericilik tənzimlənməkdədir. Nəticədə media sektorundakı xaotik vəziyyətin önünə keçilib, xəbər istehsalı məsələsinin üzərinə çox ciddi şəkildə düşülüb. Statistikaya görə Azərbaycanda 5 min media qurumu var. Bu qədər qurum haradadır?! Bu qədər media qurumunda işləyən jurnalist var? Məsələ sadədir. Bulanıq suda balıq tutmaq istəyənlər Media Reyestri ilə bağlı boşluğun yaranmasını istəyirlər. Bu baş tutmadıqda, nizələrini dövlətə qarşı çevirirlər. Məncə, şəffaf media istəyən hər şəxs qanunvericiliyin möhkəmlənməsini dəstəkləməlidir. Çünki qanun şəxslər üçün olmamalıdır. Uzun müddət qanunlardan şəxslərin marağına uyğun istifadə olunub. Nəticə göz önündədir. Bu səbəbdən də “ən pis qanun qanunsuzluqdan yaxşıdır” prinsipindən geri çəkilməməliyik”.

Medianın İnkişaf Agentliyinin rəhbərliyinə yönələn ittihamlara da ritorik münasibət bildirən Aqil Ələsgər bildirib ki, istənilən qurumla bağlı ümumi nəsə demək mümkündür.
“Ancaq ortada iynənin ucundan keçəcək bir fakt yoxdursa, buna niyə münasibət bildirilsin ki? Üstəlik, yazan şəxs Dövlət Dəniz Administrasiyası ilə Hərbi Dəniz Qüvvələrini bir-birindən ayırd edə bilmirsə, o yazını müzakirə etmək vaxt israfıdır”.

Gülşən Şərif

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv