Azərbaycanda meşə yanır – Yeniləndi

Fövqəladə Hallar Nazirliyi Ağsuda baş verən yanğın barədə məlumat yayıb.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur.

Əlavə məlumat veriləcək.

***

Ağsu rayonunda meşə yanğını başlayıb.

Yenicag.az-ın xəbərinə görə, ilkin məlumatda rayonun Qırlar kənd sakinlərinin dağlıq ərazidəki quru ot və kol-kosu yandırdıqları bildirilir. Nəzarətsiz qalan alov getdikcə daha böyük ərazini əhatə edib, yaxınlıqdakı meşə sahəsinə keçib.

Hadisə yerinə FHN-in Ağsu, Şamaxı və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Dağlıq əraziyə yanğınsöndürən avtomobillər çıxa bilmədiyi üçün şəxsi heyət alovun qarşısını əl əməyi ilə almağa çalışır.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır./APA/