“Növbəti 10 il ərzində DNT və RNT əsaslı heç bir viral infeksiyanın qorxusu yoxdur”.
Bu sözləri meymunçiçəyi infeksiyanın fəsadlarını və yaratdığı qorxunu dəyərləndirən tibb elmləri doktoru, professor Musa Qəniyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, meymunçiçəyi infeksiyası heç də haqqında danışılan qədər təhlükəli və ölümcül virus deyil. Ona görə də stress və ölüm xofu ilə yaşamağa ehtiyac yoxdur:
“Meymunçiçəyi virusunun potensial fəallığı adi fəsli infeksiyalardan yüksək deyil. Virusa yoluxmanın hazırkı artımı isə nisbi, lakin qanunauyğun haldır. Meymunçiçəyi infeksiyası koronavirus kimi makroorqanizm və viral infeksiyalar arasında yaranmış, müəyyən müddətə qədər davam edən bioloji birgəyaşayış prinsipinin pozulması ilə əlaqədardır. Sözügedən virus 50 il öncə aşkar olunsa da, insanlar arasında epidemik yayılmaya səbəb olmayıb. Hazırda meymunçiçəyi virusuna dünyanın 19 ölkəsində rast gəlinir. Halbuki 1980-cı ildən başlayaraq günümüzə qədər, hər 2-4 ildən bir sporadik olsa belə, meymunçiçəyi virusuna dünyanın müxtəlif ölkələrində yoluxma halı olur. Bunlardan yoluxma sayına görə ən böyüyü 2003-cü ildə ABŞ-də – 81 nəfər və 2017-ci ildə Nigeriyada – 172 nəfər – olub. Lakin ölüm faktı qeydə alınmayıb. Mütləq yoluxma 1/100000 faiz nisbətində olduğuna görə onun kütləviləşərək yayılma ehtimalı sıfır faizdir. Azərbaycanda isə bu virusun yayılması gözlənilmir. Odur ki, stressə düşməyə və gələcəyə ümidsiz yanaşmağa ehtiyac yoxdur. İnsanları gərginlikdə saxlamamaq üçün virus infeksiyaları ilə mübarizənin strategiya və taktikasının düzgün qurulması, COVID-19 pandemiyası zamanı buraxılan səhvlərin təkrarlanmaması, əhalinin düzgün maarifləndirilməsi zəruridir”.
Gülşən Şərif