Azərbaycanda “Made in Azerbaijan” brendi altında smartfonların yığılmasına başlanılacaq.
Yeniçağ.Az xəbər verir ki, bunu Trend-ə CRM Group şirkətinin baş direktoru Ramin Süleymanov bildirib.
Onun sözlərinə görə, yerli yığımlı ilk smartfon iyun ayında ictimaiyyətə təqdim olunacaq.
Süleymanov deyib: “Payızda bizə ayrılan istehsal sahələri bu qurğuların konveyer yığılmasının işə salınması üçün hazır olacaq. Biz ümumilikdə 10-ə yaxın müxtəlif növ IT-məhsulun, o cümlədən planşet kompyuter, noutbuk, printer və s., yığılmasını həyata keçirilməsi üçün patent hüququ əldə etmişik. Azərbaycanda yığılan məhsullar regional bazarlara ixrac ediləcək”.
CRM Group-un baş direktorunun sözlərinə görə, kompüter və periferik avadanlıqların yığılmasının başlanılması şirkətin 2018-ci il üçün prioritet planlarına daxildir.
“Yüksək texnologiyalı avadanlıqların yığılması, ölkədə həyata keçirilən ilk genişmiqyaslı layihədir. Biz bunu böyük addım və ölkə iqtisadiyyatına investisiya hesab edirik. Qonşu Türkiyədə, məsələn, Casper brendi altında noutbukların yığılması həyata keçirilir. Biz Azərbaycanda bu təcrübəni mənimsəmək və onu reallaşdırmaq niyyətindəyik”, – Süleymanov deyib.
Yeniçağ.Az