Azərbaycanda molla rejiminin təbliğatı: “Siyasi partiya dövlət əleyhinə çevrilmiş xətlərlə birləşirsə…” – MÖVQE

“İrandan qaçıb xaricdə sığınan soydaşlarımıza qapıları açıb, onlara hər şərait yaratmalıyıq ki, molla rejiminə qarşı mübarizə aparsınlar”.

Bu sözləri İran agentlərinin Azərbaycanın siyasi cameəsində olma ehtimalı və İranın təbliğat maşınına qarşı aparılmalı olan mübarizə üsulları barədə danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycan siyasətində İrana meyilli qüvvələr olması mümkündür:

“Azərbaycanda müəyyən siyasi qruplar var ki, İrana bağlılıqları barədə informasiyalar var. Azərbaycandakı İslam Partiyasının hərəkətləri ifşa edilib. Bundan əlavə, Müsəlman Birliyi təşkilatının da fəaliyyəti barədə işlər aparılıb və onların bir sıra fəalları həbsdədir. İrana bağlı qruplar Azərbaycanda Kərimə dövləti yaratmaq iddiasında idilər.

Siyasi partiya əgər dövlət əleyhinə çevrilmiş xətlərlə birləşir və o xətlərin tezislərini ayrı-ayrı tezislərlə səsləndirməklə məşğuldursa, həmin partiyaların fəaliyyəti qanunvericiliyə uyğun olaraq dərhal dayandırılmalıdır. Onların başında duran adamlar məsuliyyətə cəlb edilməlidir.

Ümumiyyətlə, İran agenturası ilə bağlı Azərbaycanda ciddi işlər aparılmalıdır. Onlara qarşı əks-təbliğat qurulmalıdır. İrana yönəlik radio, televiziya verilişləri yaradılmalıdır. İrandakı rejimdən qaçanlar gedib İsveçdən, Almaniyadan, Avropanın bəzi ölkələrindən rejimə qarşı mübarizələrini davam etdirirlər. Onların hamısına Azərbaycanda sığınacaq verilməlidir. Bura onların da vətənidir. Azərbaycan İran hansı addımları atırsa, bunun eynisini etməlidir. Bundan sonra molla rejimi bəlkə ağlını başına yığar”.

Səxavət Məmməd