Azərbaycanda mümkün DEVALVASİYA: “Xarici valyutaya tələbin artması və…”

“Müəyyən iddialara baxmayaraq, cari ildə devalvasiya ilə bağlı qərar qəbul ediləcəyi gözənilmir”.

Bu fikirləri ölkədə xarici valyutalara tələbatın artmasının səbəbləri haqda danışan iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xarici valyutalara tələbin artması ilin əvvəlində büdcə xərclərinin açılması ilə əlaqədardır:

“Ölkədə xarici valyutalara tələbin artması həmişə ilin əvvəlində müşahidə olunur. Bu normal haldır, çünki hər ilin əvvəli yeni büdcənin açılması ilə əlaqədar bazara müəyyən qədər vəsaitlər daxil olur. Həmçinin Novruz bayramına qədər kiçik, orta və iri sahibkarlar ölkəyə daha çox mal gətirməsi də, xarici valyutaya tələbin artmasına təsir edən amillər sırasındadır.

Amma son zamanlar nədənsə, belə bir xəbər yayılıb ki, xarici valyutalarla bağlı hansısa dəyişiklik olacaq və manatın məzənnəsi dəyişə bilər. Belə bir tendesiyanın yaranması da xarici valyutaya, xüsusilə də dollara tələbatı artırır.

Mən bu fikri məntiqli hesab etmirəm. Növbəti aylarda xarici valyutaya tələb yenidən aşağı düşəcək. Cari ildə ölkədə devalvasiya ilə bağlı qərar qəbul ediləcəyi gözənilmir. Lakin 2025 -ci ilin sonları və ya 2026-cı ilin əvvəlində hökumət tərəfindən devalvasiya ilə bağlı addım atıla bilər”.

Nuray Məmmədzadə

COP29