Azərbaycanda narkoman qadınların sayı artıb

Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı artıb.

Səhiyyə Nazirliyindən Yenicag.az-a bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. Ötən il isə narkoman qadınların sayı artaraq 626 nəfərə çatıb.

2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i (2017-ci ildə 26, 2016-cı ildə 29) qadın olub.

Ümumilikdə narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha sürətlə qurşanırlar.

COP29