!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda narkotik bitkilərin becərilməsinə icazə: Professor “Hə”, millət vəkili “Yox” deyir

!Reklam – Yazi

“Narkotik bitkilərin becərilməsində xüsusi icazə tətbiq olunmalı və bu işlər ciddi nəzarət altında həyata keçirilməlidir”.

“Bizdə dərman fabrikləri olmadığından, belə bir qanunun qəbul edilməsi mümkünsüzdür”.

Bu günlərdə Rusiya Dövlət Dumasına əczaçılıq sektorunda yaranmış vəziyyətlə əlaqədar narkotik tərkibli müəyyən bitkilərin becərilməsinə icazə verilməsini nəzərdə tutan qanun layihəsi daxil olub. Layihə müəllifləri Rusiyanın əczaçılıq sahəsində tələb olunan narkotik maddələri 100 faiz xaricdən idxal etdiyini önə çəkərək, sözügedən sənədin asılılığın aradan qaldırılması məqsədılə hazırlandığını bildiriblər. Bunu nəzərə alaraq, şimal qonşumuzda irəli sürülmüş bu qanunvericilik təşəbbüsünün Azərbaycan üçün aktuallığını müəyyənləşdirməyə çalışdıq.

Azərbaycanda narkotik tərkibli bəzi bitkilərin becərilməsinə icazə verilməsi ehtimalını Yenicag.az-a şərh edən professor Adil Qeybulla bunun mümkünlüyü qənaətindədir:

“Əczaçılıqda narkotik tərkibli bir sıra maddələrdən istifadə olunur. Qeyd edim ki, xüsusilə, onkoloji xəstəliklərin müalicəsində marixuanadan istifadə praktikası əksər ölkələrdə geniş yayılıb. Lakin narkotik bitkilərin becərilməsində xüsusi icazə tətbiq olunmalı və bu işlər ciddi nəzarət altında həyata keçirilməlidir. Yəni həmin məhsulların açıq satışına yol vermək olmaz. Hesab edirəm ki, o halda həmin praktika bizdə də tətbiq oluna bilər”.

Mövzu barəsində Yenicag.az-a danışan millət vəkili Aqil Abbas isə məsələyə tamamilə əks mövqedən yanaşdı:

“Bizdə dərman istehsal olunmadığına görə elə bir layihənin gündəmə gəlməsi, parlamentə çıxarılması mümkün deyil. Biz dərman preparatlarını daha çox idxal edirik. Rusiya o maddələri necə idxal edir ki, Moskva ətrafındakı böyük bir ərazidə dərman hazırlamaq üçün narkotik bitkilər becərilir. Bizdə dərman fabrikləri olmadığından, belə bir qanunun qəbul edilməsi mümkünsüzdür. Əgər bizdə də nə vaxtsa narkotik tərkibli dərmanların istehsalına başlanılsa, o zaman bu məsələ gündəmə gələ bilər. Rusiyada hazırlanmış o qanun layihəsində nə yazıldığını bilmirəm. Digər tərəfdən, Rusiya nə edirsə, biz də onu “kopyalayası” deyilik ki? Hər dövlətin müxtəlif məsələlərə öz yanaşması var”.

Firuz Asanov

www.yenicag.az

2601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv