Azərbaycanda narkotik istifadəçilərinin SAYI: “Real göstərici rəsmi statistikadan 5 dəfə çoxdur” – ŞƏRH
“Pandemiya, müharibə şəraiti, işsizlik və psixoloji təsirlər narkotik istifadəçilərinin sayını artırır”.
Bunu narkotik maddə istifadəçilərinin sayının artmasına təsir edən amilləri dəyərləndirən narkomaniya üzrə ekspert Emil Maqalov Yenicag.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, narkotik maddələrdən istifadə qaydalarının asanlaşdırılması insanların “ağ ölüm”ə arzuedilməz marağını artırıb:
“Artıq 7-8 ildir ki, narkotik maddələrin əvvəlki bişirmə, hazırlama və çəkmə qaydaları narkobaronlar tərəfindən asanlaşdırılıb. Əslində, bu barədə geniş məlumatın işıqlandırılması doğru olmasa da, sözügedən fakt narkotik maddə istifadəçilərinin sayını artırmasına səbəb olub. Bununla yanaşı, pandemiya, müharibə şəraiti, işsizlik və psixoloji təsirlər narkotik maddələrdən istifadəyə öz təsirini göstərib”.
Qeydiyyata düşməyən narkotik maddə istifadəçilərinin sayının daha çox olduğunu vurğulayan ekspertin fikrincə, göstərilən statistik rəqəmlər 5-ə vurulmalıdır:
“Əksər valideynlərin övladlarının narkotik vasitədən istifadə etdiyini gizlətməsi və qeydiyyata salmaması narkomaniya ilə bağlı statistikaya təsirsiz ötüşmür. Lakin narkotik istifadəçisinin qeydiyyata salınması heç də ayıb bir iş deyil. Eyni zamanda, narkoman olmaq yox, bu narkoman olaraq, qalmaq ayıbdır”.
Narkomaniya ilə mübarizə məsələsinə də münasibət bildirən Emil Maqalov hesab edir ki, mübarizə metodlarının sayı çox olsa da, narkotik istifadəçiləri bu metodlardan istifadə etməkdə maraqlı deyil:
“Narkomaniya ilə mübarizədə dövlətin kifayət qədər təmənnasız müalicə metodları var. Lakin narkotik istifadəçilərinin əksəriyyəti bu metodların effektliyinə etibar etmirlər.
Ölkəmizin milli dəyərləri bizi digər ölkələrdən fərqləndirir. Bu baxımdan, hüquq-mühafizə orqanları və QHT-lərin fəaliyyəti effektiv nəticələr əldə etmək üçün daha yaxındır. Bununla yanaşı, narkomaniya ilə mübarizədə aiddiyatı qurumlarla yanaşı, sıravi vətəndaşlar da fəal iştirak etməlidirlər”.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən,hazırda 33 min 788 şəxs qeydiyyatdadır. Onlardan 618-i qadındır. 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arasında isə 12 min 969 nəfərdir. Ötən il isə bu rəqəm 32 min 921 olub.
Gülşən Şərif