Azərbaycanda növbədənkənar parlament seçkiləri: Köklü islahatların gözlənilən “akkord”u

Azərbaycanda bu ilin əvvəlindən vüsət alan və ölkə həyatının bütün sahələrini əhatə edən ciddi dəyişikliklərin miqyası tədricən genişlənməkdədir.

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlarla başlayan müsbət dəyişikliklər, vergi və gömrük, məhkəmə-hüquq sistemində həyata keçirilən köklü islahatlar, eyni zamanda, ötən aydan etibarən, gerçəkləşdirilən struktur islahatları və mühüm kadr əvəzləmələri ölkənin yeni keyfiyyət mərhələsinə daxil olmasının birbaşa təsdiqidir.

Bu baxımdan, 2019-cu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasının çağırılması və toplantıda Milli Məclisin buraxılması ilə bağlı prezident İlham Əliyevə müraciətin qəbul edilməsi ölkədə aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Azərbaycanın siyasi hakimiyyəti və hakim siyasi təşkilatının yeni şəraitdə Ali qanunvericilik orqanı olan Milli Məclisin tərkibini həyata keçirilən dəyişikliklərə uyğunlaşdıqmaq niyyətini ortaya qoyması islahatların dönməzliyi qənaətini daha da möhkəmləndirir.

Hakimiyyətin bu məsələdə aydın və qətiyyətli davranışı nəticəsində Azərbaycanın ən yeni siyasi tarixində bir ilk – Milli Məclisin özünü buraxması presedenti gerçəkləşmək üzrədir. Parlamentin özünü buraxması üçün tələb olunan prosedurların icrasında problem yaşanmayacağı üçün Milli Məclisin səlahiyyətlərinə xitam verilərək, növbədənkənar parlament seçkilərinin təyin olunması artıq bir zaman məsələsidir.

Burada xüsusi qeyd etmək lazımdır ki, haqqında danışılan dəyişikliklər üçün hazırlanan zəmin Azərbaycanın milli dövlət maraqlarına söykənən uzunmüddətli strategiyaya əsaslanan ardıcıl fəaliyyətin nəticəsidir. Ali siyasi hakimiyyətin mövcud nöqtəyə qədər qət etdiyi məsafə yetərincə böyük olub və bu mənada, ölkənin bir mərhələdən digərinə keçidinin yalnız məqsədyönlü siyasət sayəsində mümkünlüyü mübahisə doğurmur.

Ötən əsrin 90-cı illərinin ilk yarısını xatırlasaq, Azərbaycanın o vaxtkı və indiki vəziyyətini dəqiq müqayisə imkanı yaranar. Xalqın tələbi ilə 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan Ümummilli Heydər Əliyevin əsasını qoyduğu və 2003-cü ildən bu yana prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyası Azərbaycanı dünya birliyində layiqli mövqeyə yüksəldib.

Azərbaycanın yerləşdiyi coğrafiyada reallaşdırılan bütün regional enerji və nəqliyyat layihələrinin nüvəsində məhz ölkəmiz dayanır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol ölkəmizin “köhnə dünya” üçün əhəmiyyətini ölçüyəgəlməz dərəcədə artırıb. Azərbaycanın Dağlı Qarabağ münaqişəsinin nizamnalması prosesində tutduğu beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe Ermənistanın işğalçılıq siyasətini ifşa etməklə yanaşı, danışıqlar prosesində rəsmi Bakının təşəbbüsə tam yiyələnməsi ilə nəticələnib.

Sosial sferada atılan son addımlar əsasında əhalinin orta aylıq əmək haqqı, orta minimum əmək haqqı və təqaüdlərin məbləğinə görə Azərbaycan MDB məkanında sıçrayış edərək, ilk üçlükdə qərarlaşıb. Vətəndaş məmnunluğunu artırmağa yönəlik addımlar isə davam etməkdədir.

Əlbəttə, bu dəyişikliklərin kompleks xarakter alaraq, bir-birilərini tamamlaması üçün siyasi planda ciddi qərarın verilməsi zəruri idi və o addım Milli Məclisin buraxılması oldu.

Mövcud qanunvericiliyə əsasən, növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayına təyin olunacaq. Konkret tarixə gəldikdə isə bu, prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə daxil olan məsələdir. Bu çərçivədə əsas amil ölkədə demokratik mühitin və vətəndaşların ictimai-siyasi fəallığını təmin edən şəraitin mövcudluğudur.

Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, növbədənkənar parlament seçkilərinin təyin olunması ilə ölkədə siyasi fəallıq xeyli aratcaq. Azərbaycanda hökm sürən sabitlik isə bu fəallığın qanun çərçivəsindən kənara çıxmamasına tam təminat verir.

“Yeni Çağ” Analitik Qrupu