Azərbaycanda növbəti buraxılış imtahanları keçirildi – Nəticələr nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzi tərəfindən 10 iyun 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahanlar 12 (Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad, İmişli, İsmayıllı və Qubada) şəhər və rayonda keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 101 imtahan binası, 1695 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 101 ümumi imtahan rəhbəri, 278 imtahan rəhbəri, 2118 nəzarətçi-müəllim, 202 buraxılışı rejimi əməkdaşı (mühafizə), 101 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 22215 şagirdin iştirakı gözlənilirdi.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 1 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

09:20

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nizami, Səbail, Suraxanı rayonlarında, Mingəçevir və Sumqayıt (2-ci hissə) şəhərlərində, Ağcabədi, Balakən, Biləsuvar, Cəlilabad (1-ci hissə), İmişli, İsmayıllı, Quba (1-ci hissə) rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən Yenicag.az-a bildirilib ki, imtahanlarda 22 min 215 nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şagirdlər imtahana buraxılış vərəqəsini internet vasitəsilə DİM-in saytından iyunun 1-dən etibarən çap edib götürə bilirlər.