Ərdoğandan Əliyevə təcili “nurçu həbsi” zəngi – Yenilənir

paralel_yapidan_bakude_buyuk_yaniltma_1442759494_0009

 

Dünənki “nurçu” həbsləri ilə bağlı bizim proqnozumuz doğru çıxdı. Belə ki, Yenicag.az olaraq, bundan öncə də Azərbaycanda Paralel Şəbəkənin yalnış istiqamətləndirməsi ilə onlarla əlaqəsi olmayan “nurçu”ların həbs olunduğunu və bunun üzərindən Türkiyədə “Ərdoğan dindarları Əliyevə satdı” anti-təbliğatı aparılmışdı.

Bu dəfə də eyni taktikanın ola biləcəyi ehtimalı ilə biz xəbəri verərkən, şərhimizi verməyi də unutmadıq.

Türk mediası Azərbaycandan daha tez məsələni çözdü. Yenicag.az xəbər verir ki, Haber7.com AKP millət vəkili Sait Yücəyə istinadən təfərrüatı açıqlayıb.

Millət vəkilinin sözlərinə görə, dünən Bakıda həbs olunanlar nurçuların Sunqur qolu olub. Aralarında bu qrupun mərhum lideri Mustafa Sunqurun oğlu Nurullah Sunqurun da olduğu şəxslərin azad olunması üçün Ərdoğan şəxsən rəsmi Bakı ilə görüşüb.

Bu qrupun Gülən Şəbəkəsi ilə əlaqəsinin olmadığına diqqət çəkən AKP-li deputat bunun fətullahçıların növbəti təxribatı olduğunu bildirib: “Nə yazıq ki, Türkiyədə olduğu kimi başqa ölkələrdə də Paralel Şəbəkə hüquq-mühafizə orqanlarını bu məsələdə yanıldıb, öz məqsədinə çata bilir”.

Qeyd edək ki, Sunqurun bir müddət Gülən ilə münasibətləri yaxşı olsa da, ölümünə bir neçə il qalmış “Risaleyi Nurlar”ın təhrif olunmasına görə, Pensilvaniya ilə münasibətləri pisləşmişdi. Hətta bəzi gülənist saytlarda ölümündən sonra Sunqura istinadən yayılan “Risaleyi Nurun davamı Gülən camaatıdır” xəbərlər Nurullah Sunqur da daxil olmaqla, övladları tərəfindən yalanlanıb.

Azərbaycanda yüzə yaxın evi olan Sunqurçular gülənçilərdən sonra ən böyük dini camaat sayılırlar. Maraqlıdır ki, bəzi mənbələr isə Nurullah Sunqurun Bakıya məhz paralelçilər tərəfindən dəvət olunduğunu bildirirlər. Belə ki, hazırlanan plan əsasında Sunqur Bakıya gəlib və plan da baş tutub. Ancaq Ərdoğanın təcili reaksiyası oyunu sona qədər oynamaqlarına imkan verməyib.

 

***

Hüquq mühafizə orqanları Bakının Yasamal rayonunda dini təriqət üzvlərinə qarşı birgə əməliyyat keçirib.

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Şərifzadə küçəsində Nurçuların toplandığı iki mərtəbəli evə daxil olan hüquq mühafizə orqanı əməkdaşları xeyli sayda dini təriqət üzvlünü saxlayıb.

Saytın iddiasına görə, həbs olunanlar nurçulardır və əməliyyat zamanı onların Bakıdakı liderlərinin də tutulduğu bildirilir. İlkin məlumatlara görə, 30-a yaxın nurçu saxlanılaraq naməlum istiqamətdə aparılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar müsadirə edilib.

Hələlik əməliyyatın hansı səbəbdən həyata keçirilməsi məlum deyil.

Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, hər gün xeyli sayda dindar ibadətgah kimi istifadə olunan bu evə toplanaraq dini məclislər təşkil edirlərmiş.

Qeyd edək ki, ötən il də Yasamal rayonunda nurçulara qarşı gecə saatlarında əməliyyat keçirilmişdi. Əməliyyat zamanı xeyli insan saxlaınılmışdı. Bir neçə gün sonra onların ibadətgah kimi istifadə etdikləri villa sökülərək yerlə yeksan edilmişdi.

Bizim şərh:

Xatırladaq ki, Azərbaycanda Türkiyədən fərqli olaraq, bu ölkədən gələn bütün dini cərəyanlara “nurçu” deyilir. Məsələn, süleymançılar, nəqşibəndilər, nurçular, fətullahçılar, hizbuttəhrirçilər Azərbaycanda avtomatik “nurçu” adlandırılır. Baxmayaraq ki, bunlar arasında çox ciddi fərqlər və ziddiyyətlər var.

Bu səbəbdən də xəbər redaksiyamıza daxil olandan araşdırmalarımız davam edir. İlkin məlumatlara görə, həbs olunanlar hər həftənin şənbə günü “söhbət”ə gələn klassik nurçulardır. Bir başqa mənbə isə həbs olunanların arasında Azərbaycanda biznes şəbəkəsinə malik fətullahçıların olduğunu iddia edirlər.

Lakin xüsusilə Türkiyədəki seçki öncəsi belə bir əməliyyatın baş tutması olduqca düşündürücüdür. Belə ki, həbs olunanlar klassik nurçular olarsa, bundan Gülən Ərdoğan əleyhinə ciddi şəkildə istifadə edəcək. Belə ki, ötən il prezident seçkiləri zamanı Gülən mediası Azərbaycandakı nurçu həbslərini qabardaraq, “Ərdoğan dedi, Əliyev müsəlmanları həbs etdirdi” deyə, kampaniya başlatmışdı. Xalq arasında ciddi narazılığa səbəb olan bu kampaniya Ərdoğana qarşı Gülənin ən uğurlu piarı olmuşdu. Hazırda da Türkiyədə seçkilərlə bağlı fərqli camaat və əşirətlərdən dəstək istənilir. Bəlkə Azərbaycan oxucusu üçün qəribə gələ bilər, Türkiyədə 80 ildir ki, bu zehniyyət dəyişməyib və “qapı-qapı gəzərək səs istəmək” yerinə, bir camaat lideri, təriqət şeyxi və ya əşirət başçısını razı salmaq daha asandır və siyasi partiyalar bundan əl çəkmirlər.

Bu baxımdan indiki kritik situasiyada bu həbs dövlətin uzun zamandan bəri izləyib və müvəffəqiyyətlə həyata keçirdiyi əməliyyat da ola bilər, içərimizdəki fətullahçıların hədəf göstərərək, həyata keçirilməsini təşkil etdikləri və daha çox Türkiyəyə hesablanmış iş də.

Qeyd edək ki, hələ ötən il Ərdoğanın Əliyevdən xahiş edərək azadlığa buraxdırdığı “nurçular” həbs edilərkən, biz bu mövzuya toxunmuşduq.

“Prezidentlə məmurların mübarizəsində fərq” adlı məqalədə yazmışdıq ki, “Nurçularla mübarizə” adı altında Gülənə qarşı olanların əzilməsindən sevinən və bu oyunun tək qazananı isə Güləndir. Azərbaycan məmurlarının “nurçu ovu” Fətullah Gülənin düşmənlərini “əzmə əməliyyatıdır” və birbaşa Pensilvaniyaya xidmət etməkdədir:

“Anadolu Türklərinin gözəl bir sözü var: “Məqsəd üzüm yemək deyil, bağbanı döymək”. Türkiyənin baş naziri Ərdoğanın Fətullah Gülən Şəbəkəsinə qarşı apardığı mübarizənin Azərbaycana sirayət etməsi iki şəkildə özünü göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən bu şəbəkəyə qarşı yürütdüyü siyasət.

Azərbaycan məmurlarının “nurçuluq”la mübarizəsi.

Hər nə qədər Azərbaycan məmurlarının Prezidentin yürütdüyü siyasəti  dəstəklədiklərindən şübhəmiz olmasa da, bu iki faktor bir-birindən ayrılmalıdır. Çünki birinci ilə ikinci arasında yerlə göy arasında fərq var.

Və bu məmurların “nurçuluq”la bağlı fəaliyyətləri əslində Ərdoğana səmimi şəkildə “qardaşım” deyən İlham Əliyevi Türkiyə dövləti ilə üz-üzə qoymaq deməkdir.

 

Öncəliklə, İlham Əliyevin bu məsələdə mövqeyinə diqqət yetirək. Azərbaycan Prezidenti həm 30 mart, həm də 30 mart sonrası Türkiyə dövlətinin maraqlarını öz dövlətinin maraqları kimi qorudu və lazımi addımları atdı.

 

Prezident kimləri çıxardı? Elnur Aslanov və Elşad İskəndərov. Bunlar kimlərdir? Hər iki şəxsin barəsində Fətullah Gülən Camaatı və Amerika gizli xidmət orqanları ilə əlaqəli olduqlarına dair söhbətlər gəzən iki önəmli füqur. Özəlliklə, güclü siyasətçi adlandırılan və 2018-ci ildən sonra baş nazir, 2023-cü ildə isə prezident seçiləcəyinə inanılan Elnur Aslanovun işdən çıxarılıb, “təqaüd”ə göndərilməsi Türkiyəni məmnun edən addım idi. Eyni zamanda Azərbaycanı bu şəbəkədən qorumaq istəyənlər üçün çox mühüm bir sürpriz oldu.

 

Daha sonra kim işdən çıxarıldı? Elşad İskəndərov. Elnur Aslanovun “qvardiya”sına aid olan bu şəxs nə etmək istəyirdi? Bir tərəfdən İranla şəxsi münasibətlərini qaydaya qoyarkən, digər tərəfdən də ərəb şiəliyini Azərbaycana gətirmək istəyirdi. İraqdakı ərəb şiələri kimin “buyruğuna ləbbeyk deyir”? Amerikanın. Yəni, oyun içində oyun vardı və Prezident çox incə iki gedişlə bu planları pozdu. Yəqin ki, bundan sonra da eyni xətt davam edəcək, şəxsən Prezident tərəfindən…

 

Bəs məmurlar nə etdi? Öncəliklə “nurçuluq” məmurların bir-birinə qarşı kompromat savaşına çevrildi. Anonim məktublar, saxta maillərlə olduqca qarmaqarışıq bir vəziyyət yaratdılar.

 

Nurçuluq və Gülənizm? Azərbaycanda Fətullah Gülənə hələ də nurçu deyilir. Baxmayaraq ki, adamın özü bunu inkar edir. Özünün bir Hizmət hərəkatı qurduğunu bildirir. Doğru deyir. Fətullah Gülən NURÇU deyil! Bu şəxsin avtobioqrafiyasını əzbər bilən şəxs kimi qeyd etməliyəm ki, Gülən hər dönəmdə bir dini qrupdan istifadə edib. Öncə Nur camaatının içinə daxil olub, oradan Ərbəkana yaxınlaşıb. Ərbakanı Dəmirələ, Dəmirəli Türkeşə dəyişib. Daha sonra isə Ecevitə yaxınlaşıb və “göydən vəhy belə ensə, Ərbakana səs vermərəm” deyib ki, bu onun imkanı olsa peyğəmbərlik iddiasına düşmək istəməsindən xəbər verir. Çünki vəhy yalnız Allahdan Peyğəmbərinə gəlir. Tutalım vəhy gəldi, sən kimsən ki, Allahın əmrinə itaət etməyəcəksən? Nə isə…

 

Qısa olaraq, qeyd etməliyəm ki, Gülənlə Səid Nursi və nurçuların fərqi ondadır ki, ikincilər özlərini insanı günahlardan qurtarmaqa həsr etdiklərini düşünürlər. Bunun üçün yay-qış demədən təbliğ edirlər. İstənilən nur söhbətlərinə qatılan şəhadət gətirə bilər ki, bu söhbətlərdə sadəcə dini mövzularda söhbətlər gedir, Quran və Risaleyi Nur oxunur. Ərdoğan bunlara qarşıdırmı? Əliyevdən bununla bağlı xahişi olubmu? Mümkün deyil. Nədən? Çünki Ərdoğanı Ərdoğan edən mühafizəkar-dindar kimliyidir. Başörtüsünü sərbəst buraxan, Risaleyi Nurların ancaq dövlət tərəfindən çap olunub, təhrif olunmasını önləyən Ərdoğan Əliyevdən bunları istəsə, özünü inkar etmiş olar.

 

Lakin Azərbaycan məmurlarının “nurçu ovu” birbaşa Ərdoğanın sifarişi kimi təqdim olunur. Məsələn, nurçulardan mərhum Mustafa Sunqurun qızı Aynur Sunqur Azərbaycandakı nurçu həbsləri ilə bağlı deyir: “İl yarım əvvəl cənazəsinə qatıl, sonra həbslər olsun. Listədə (Əliyevə təqdim olunan siyahını nəzərdə tutur) adı keçən insanlar kimdir? Hamısı Risaleyi Nura xidmət edən insanlar”. Görürsünüzmü, Azərbaycan məmurlarının araşdırmadan üzərlərində sarıq-cübbə gördükləri üçün həbsə atdıqları insanlara görə, Ərdoğanın onun Fətullah Gülənə qarşı mübarizəsini dəstəkləmiş insanların, Əliyevin isə Ərdoğanın qarşısında əli zəifləyir. Bəli, Ərdoğan Sunqurun cənazəsini ciynində daşıyandan sonra gəlib, onun Azərbaycandakı söhbət evlərini dağıtdırmaz. Çünki hədəf ölkələrin milli təhlükəsizliyidir, hansısa xocanın dini təbliğ etməsi deyil.

 

Və maraqlıdır ki, kimin Fətullah Gülənə bağlı olduğu gün kimi aydın olsa da, günahsız insanlar hədəf göstərilir,  zamanında bu şəbəkəyə qarşı döyüşən insanlar Gülənin adamları kimi təqdim edilir. Siz heç Əliyevin əmmaməli birini işdən çıxardığını gördünüzmü bu məsələ ilə bağlı? Xeyr. O zaman siz nədən Gülən tərəfdarlarını deyil, 4-5 nəfər fağırı həbs edirsiniz ki, onların adamları da Türkiyədə Azərbaycanda müsəlmanların sıxışdırıldığını və bunu Ərdoğan vasitəsi ilə edildiyini desin. Siz kimdən yanasınız? Əliyevdənmi, Güləndənmi?

 

Və bir daha vurğulamaqda fayda var. Gülənin dərdi din-iman deyil. Fətullah Gülən hələ 1996-cı ildə yayılan kassetlərində deyirdi ki, mövcudiyyətimizi hiss etdirmədən irəlilərə getmək lazımdır, dövlətin can damarlarında dolaşıb, yara almadan geri dönmək lazımdır”. Göründüyü kimi Gülənin Türkiyədə ittiham olunduğu məsələ dövləti ələ keçirmək, paralel dövlət qurmaqdır. Bu həyatlarını insanların axirətini qurtarmağa həsr edənin nəyinə lazımdır?

 

Ancaq göründüyü kimi burada da PARALEL YAPI, yəni Fətullah Gülən şəbəkəsi gözəl işləməkdədir. Fətullah Gülən camaatına qarşı olan, bu camaatın planlarına ortaq olmayan nə qədər insan varsa, onlar Gülən ilə əlaqədə suçlanırlar”.

Yazının tamamını bu linkdən oxuya bilərsiniz.

 

Aqil ƏLƏSGƏR

Yenicag.az