Azərbaycanda ödənişli hərbi xidmətə keçilir? – “Milli Məclisin deputatlarına təklif edərdim ki…”

“Azərbaycanda Hərbi Qanunvericilik çoxdan təkmilləşdirilməli idi. Çünki hərbi qanunvericiliyimiz 1990-cı illərdə tərcümə edilib və bəzi hallarda yerli vəziyyətə uyğun olaraq, milləşdirilib, lakin təkmilləşdirilməyib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Azərbaycanda hərbi xidmət sisteminin Türkiyə modelinə keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Orada xeyli müddəalar var idi ki, daha çox müharibə vəziyyətində olan ölkənin ehtiyacları nəzərə alınırdı. Yəni torpaqlarımız işğal altında idi deyə, bəzi məhdudiyyətlərə və yeniliklərə gedə bilmirdik. İndi, şükürlər olsun ki, torpaqlar işğaldan azad olunub və biz bu qanunvericiliyi təkmilləşdirməliyik”, – deyə o, söyləyib.

“O ki qaldı Milli Məclisin VI çağırış üzrə deputatı olmuş Elnur Allahverdiyevin hərbi xidmətin Türkiyə modelinə keçirilməsi ilə bağlı sözügedən təklifinə, bu məsələ uzun illərdir ki, müzakirə olunur. Amma təəssüflər olsun ki, müzakirələrdən o yana keçməyib. İlk növbədə, VII çağırış Milli Məclisin deputatlarına təklif edərdim ki, alternativ hərbi xidmət haqqında qanun qəbul etsinlər. Əvvəla, bu qanunun qəbul olunmaması Azərbaycanın beynəlxalq imicinə ziyan vurur, ikincisi də ki, insanlarımızın konstitusional hüquqları bununla məhdudlaşdırılır, bəzi hallarda da pozulur”, – Ü. Cəfərov əlavə edib.

Pullu hərbi xidmət modelindən söz açan polkovnik onu da diqqətə çatdırıb ki, bununla bağlı xeyli işlər görülməlidir:

“Fikrimcə, pullu hərbi xidmət olacaq, lakin belə tezliklə olmasını şəxsən mən istəməzədim. Ona görə ki bu gün bəzi adamlar imkanları var deyə hərbi xidmətdən müxtəlif yollarla yayınmağa çalışırlar. Əgər pullu xidmət olacaqsa, bundan sui-istifadə halları baş verə bilər. Bunun baş verməməsi üçün də Azərbaycanda ictimai qurum formalaşmalıdır ki, bu məsələdə hansısa məmurun təkbaşına qərarına görə deyil, əksinə, kollegial qərarlarla əsaslandırılsın ki, hərbi xidmətə çağırılan adamların bəziləri özünə elm, yaxud mədəniyyət sahəsindəki işlərlə məşğul olur deyə hərbi xidmətə getmir. Amma hər yerindən duran pul versə, onda bu Vətənin müdafiəsini kim edəcək? Çünki insanlarımızın bununla bağlı konstitusion öhdəlikləri var”.

Mütəxəssis hesab edir ki, bu məsələ olmalıdır, amma belə tezliklə yox:

“Ona görə ki Azərbaycanın Hərbi Qanunvericiliyi kifayət qədər yenilənməli, müasirləşdirilməli və müddəalarının çoxu təkmilləşdirilməlidir. Böyük səbirsizliklə, baxmaq istəyirəm ki, qalib ordunun bir vaxtlar üzvü olmuş, müharibədə iştirak etmiş neçə nəfər Milli Məclisə vəsiqə qazanacaq? Çünki peşəkarların orada olması önəmlidir. Ona görə ki yalnız peşəkarlar nəyin doğru-dürüst olduğunu deyə bilərlər. Zənnimcə, parlamentdə peşəkarların olması olduqca vacib və önəmli bir haldır”.

Xatırladaq ki, sosial şəbəkələrdə VI çağırış Milli Məclisin deputatı Elnur Allahverdiyevin Azərbaycanda ödənişli hərbi xidmətin Türkiyə modelinə keçidlə bağlı yeni qanun layihəsini Milli Məclisə təqdim etməsi ilə bağlı informasiyalar yer alıb.

Qeyd olunur ki, yeni qanun layihəsi komitələrdə müzakirə ediləcək və daha sonra birinci oxunuşda müzakirəyə çıxarılacaq. Məlumata görə, qanun layihəsi qəbul olunarsa, Azərbaycanda hərbi xidmət yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ödənişli əsaslarla 1 il, yaxud 1 il 6 ay yox, daha qısa dövrdə hərbi xidmət keçə biləcəklər.

Rafi Müslümov

COP29